19.12.2024, 22:15
AZ EN
26.05.2024, 19:00 340

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər yeri gəldi-gəlmədi yalnız zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər üçün sanki qanun, beynəlxalq hüquq mövcud deyil. Belə olan halda təbii ki, beynəlxalq hüququn normaları əsasında ədaləti bərpa etməyə çalışan ölkələr haqlı olaraq bunu özləri təmin etməlidirlər. Azərbaycan dövləti və onun nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən qətiyyətli lideri İlham Əliyev məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləyib və ədaləti öz gücümüz hesabına bərpa etməyə nail olub.

Azərbaycan 30 ilə yaxın müddətdə dünya güclərindən artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşma gözlədi. Bəs, əvəzində dünya gücləri nə etdilər? BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı birləşmələrinin işğal etdiyi ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, həmçinin Qarabağın Azərbaycanın tarixi ərazisi olması faktı öz əksini tapdığı halda münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, artıq dəfn edilmiş amorf qurum olan Minsk qrupunun həmsədr dövlətləri əsassız, yalnız özlərinin maraqlarına xidmət edən belə cəfəng fikir səsləndirirdilər ki, işğalçının adı ilə çağırılması məsələnin həllinə mane ola bilər. Guya bu addım birtərəflilik kimi qəbul edilə bilər. Halbuki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi sözügedən qətnamələrin hazırlanmasında və qəbulunda iştirak etmişdilər. Son nəticədə onların atdıqları hər bir addımın üzərilərinə götürdükləri vasitəçilik missiyasına zidd olması, fəaliyyətlərində neytrallıq prinsipinin qorunmaması, problemə ermənilərin maraqları prizmasından baxmaları diqqətdən kənarda qalmadı. Bu faktlar həmsədr dövlətlərin münaqişənin həllində maraqlı olmamalarını təsdiqlədi. Artıq geridə qalmış 30 illik işğal dövrünə bu günümüzün reallıqları fonunda bir daha nəzər salaraq belə bir həqiqəti təsdiqləmiş oluruq ki, keçmiş Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına səbəb oldu. Tərəflərin özünə qalsaydı münaqişə çoxdan həllini tapmışdı. Necə ki, bu gün Qazaxın 4 kəndi heç bir vasitəçi olmadan Azərbaycana qaytarıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, keçmiş münaqişəni Azərbaycanın özü təkbaşına həll etməsindən ötən üç ildən artıq dövr çağdaş tariximizin Zəfər səhifələri ilə zənginləşdiyi dövrdür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, müharibə olmaya da bilərdi. Möhtərəm Prezidentimizin bu çağırışı Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu təsdiqləyir. Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın uzanması da bunun bariz nümunəsidir. Siyasətində hər zaman beynəlxalq hüquq normalarına, haqq, ədalət prinsiplərinə söykənən Azərbaycan dövləti bu illər ərzində sülh danışıqlarına önəm verərək məsələnin dinc yolla nizamlanmasına çalışdı. Hətta 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə belə Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin hansı şərt daxilində dayandırıla biləcəyini açıqladı. Təbii ki, burada söhbət işğalçı Ermənistanın torpaqlarımızı konkret olaraq geri qaytarılması vaxtını açıqlamasından gedirdi. Lakin havadarlarına arxalanan Ermənistan həmişə olduğu kimi, yenə də sülhə gəlmədi. Nəticədə müstəqillik tariximizin Zəfər səhifəsini yazan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu sübut etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, işğalçı Ermənistanın kapitulyasiyasının təqdimatı oldu. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana qaytarıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, işin sonu deyildi.

YAP Xətai rayon təşkilatının sədri ötən il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını, sentyabrın 19-da Silahlı Qüvvələrimizin birgünlük lokal antiterror tədbirlərini həyata keçirməsini tarixi Zəfərimizdən sonra görülən işlərin, qələbələrimizin davamı, bir sözlə, Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqi oldu. Bu tarixi zəfərlərimizdən sonra da Azərbaycan hər bir məsələnin həllinə ilahi ədalətə və beynəlxalq hüquqa söykənərək sülh yolu ilə nail olmağa çalışsa da Ermənistanın havadarlarının göstərişləri əsasında hərəkət etməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır. Yuxarıda qeyd etdiyimiz mühüm məqamlar da bunun bariz nümunəsidir. Bütün bunları aydın şəkildə görmək üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərinə qədər gedilən yola nəzər salmaq kifayətdir. Ermənistan törətdiyi təxribatlarla belə bir addımın atılmasını zərurətə çevirdi. Lokal antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən tamamilə çıxarıldı və suverenliyimiz tam bərpa edildi, ölkəmizin həyatında yeni dövr başladı.

Vüqar Rəhimzadə vurğulayıb: “Atılan hər bir addım Prezident İlham Əliyevin “Nəyi, necə və nə zaman etmək lazımdır, mən bilirəm” çağırışının təsdiqidir. Dövlətimizin başçısının hər ilin əvvəlində yerli televiziya kanallarına artıq ənənə halını alan müsahibələri görülən işlərin, qazanılan uğurların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsini xüsusi qeyd etməliyəm. Dövlətimizin başçısı sözügedən müsahibəsində tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasındən geniş bəhs edərək “Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir” bəyan etdi. Məhz bu çağırış hədəfə doğru atılan addımların aydın təsəvvürünü yaratdı. Qısa zamanda bu hədəfə də nail olduq. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana geri qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. Bu, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin növbəti qələbəsidir. Dövlətimizin başçısının qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti zəfərlərimizin davamlılığını təmin edir. Otuz ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırır, xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Məsələ daim gündəlikdə saxlanıldı və ötən müddətdə bu istiqamətdə ardıcıl iş aparıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, növbəti zəfərimizdir”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu uğura hər hansı bir vasitəçi olmadan nail olduq. Bu, bir daha onu göstərir ki, tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Tarixi ədalət, beynəlxalq hüquq hər bir məsələnin həllində əsas vasitəçidir. Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini şərtləndirən amil məhz tarixi ədalət və beynəlxalq hüquqdur. Biz heç kimin torpağına göz dikmirik. Eyni zamanda, bir qarış torpağımızı belə heç kimə vermərik. Dövlət başçısı “Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar” bəyanatının davamı olaraq bu çağırışı da edir ki, sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil: “Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”. (AZERTAC)

Oxşar xəbərlər