Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev martın 10-da parlamentdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi yalnız dövlətlərarası münaqişə deyil, həm də insanlıq tarixində unudulmuş haqların bərpası prosesidir. “Bizim heç kimə ərazi iddiamız yoxdur. Yeganə hədəfimiz öz yurdumuza, doğma torpaqlarımıza geri dönmək və orada sülh, əmin-amanlıq şəraitində yaşamaqdır. Bu, həm Azərbaycan xalqının, həm də regiondakı bütün xalqların rifahına xidmət edəcək. Ermənistanın sülhə hazır olmaması zamanla dəyişəcək. Bu məsələ tərəflərin qarşılıqlı anlaşması əsasında gec-tez bu həllini tapmalıdır və bu, Azərbaycanın xeyrinə olmalıdır”, - deyən M.Quliyev vurğulayıb ki, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolunun böyük olduğunu qeyd etmək vacibdir.
“Qərbi Azərbaycanla bağlı mövcud olan məsələlər yalnız Azərbaycanla Ermənistanın deyil, həmçinin bütün bölgə ölkələrinin sülh şəraitində bir araya gəlməsini tələb edir. Bölgədə sülhün və sabitliyin bərpası, münaqişələrin aradan qaldırılması yalnız diplomatik və siyasi həllərlə mümkün olacaq. Həmçinin bu məsələnin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə həll olunması, xalqımızın haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi vacibdir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumaq və haqlarını bərpa etmək üçün heç vaxt geri addım atmayacaq”, - deyə o bildirib. (AZƏRTAC)