"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib. O, qeyd edib ki, İrəvan Zəngəzur dəhlizinin açılması perspektivlərini də dəstəkləyir və bu barədə təkliflərini rəsmi Bakıya göndərib: “İndi biz Azərbaycanın 12-ci təkliflər paketinə öz təkliflərimizi təqdim etməliyik. Yəni, sülh sazişi ilə bağlı proses dayanmayıb, yazışmalar gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək. Çünki açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”.
Paşinyan onu da əlavə edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır. Bununla belə, o, prosesin ləngiməsinə görə yenə də dolayısı ilə Azərbaycanı günahlandırıb: “Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”.
Elxan SALAHOV