"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan Avropa İttifaqının gələn həftə Brüsseldə keçiriləcək növbədənkənar zirvə toplantısının gündəliyini şərh edərkən belə deyib. Onun sözlərinə görə, ərazisi parçalanmaya məruz qalmış Ukraynanın taleyi və Avropanı gözləyən təhlükələr fonunda ABŞ və Rusiyanın eyni mövqedən çıxış etməsi Ermənistanda narahatlıqla izlənilir: "Rusiyaya qarşı siyasətin nələrə gətirib çıxardığını görmək üzücü və dəhşətlidir. Zəngin, mehriban və dinc Ukraynanın Avropaya inteqrasiya adı altında qərbyönümlü gündəmə cəlb edilməsi və transatlantik qüvvələrə fədakarcasına təslim olması buna əyani sübutdur. Nəticədə, Ukrayna yarıya bölünmüş bir ölkəyə çevrilib, bir milyon qurban və on milyondan çox qaçqını var, bu, məsələnin ən pis tərəfi deyil. Ən dəhşətlisi odur ki, bu mənasız müharibəni ukraynalıların həyatları ilə qidalandıran amerikalılar və avropalılar indi həmin ukraynalıları tərk edirlər. Bununla da kifayətlənmirlər, ölkəni yeni geosiyasi reallığı simvolizə edən masaya oturdurlar, onun müstəqilliyi və suverenliyinə təcavüz edirlər, ölkənin mövcudluğuna son ümidi də ukraynalıların əlindən alırlar. Tanrı bizə beyin versin ki, ukraynalıların səhvlərini təkrarlamayaq".
Erməni politoloq vurğulayıb ki, İrəvanın Rusiyaya qarşı izlədiyi qərbyönlü siyasətin nəticələri Ermənistan üçün indi Ukraynanın üzləşdiyi ağır nəticələri doğura bilər.
Xatırladaq ki, martın 6-da Brüsseldə Avropa İttifaqının növbədənkənar zirvə toplantısı keçiriləcək. Ermənistan nümayəndələrinin də iştirak edəcəyi toplantının gündəliyində iki məsələ var; Ukraynada müharibə və Avropada təhlükəsizliyin təminatı.
Elxan SALAHOV