22.11.2024, 21:16
AZ EN
23.09.2023, 19:00 242

Britaniyanın dövlət naziri Qarabağda qondarma rejimin hərbi təxribatları barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Cənubi Asiya, Afrika, BMT, İnsan Hüquqları üzrə Dövlət Naziri Lord Ahmad ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə xüsusi önəm verdiyini, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin iqtisadi, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib. Eyni zamanda, britaniyalı həmkarı ilə parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Nazir həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarının məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərinin nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan bu silahlı birləşmələrin buraxıldığı və tərksilah işlərinə başlandığı diqqətə çatdırılıb.

Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.

C.Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. (Report)

Oxşar xəbərlər