23.02.2025, 14:23
AZ EN
22.02.2025, 18:56 118

Qarabağın bərpasına ictimai dəstəyin verilməsi bu prosesin uzunmüddətli olmasını təmin edir

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa – Ağdama, Xocalıya və digər azad edilmiş ərazilərə ardıcıl səfərləri tarixi ədalətin bərpasının yalnız siyasi və hərbi müstəvidə deyil, həm də iqtisadi, mədəni və sosial kontekstlərdə davamlı həyata keçirildiyini nümayiş etdirir. Bu səfərlər simvolik və formal xarakter daşımır, əksinə, dirçəliş prosesinin mərkəzində birbaşa iştirak və nəzarətin ifadəsidir. Hər səfər, sadəcə olaraq, görülən işlərin yoxlanılması deyil, həm də gələcəyə yönəlmiş yeni strateji qərarların qəbul edildiyi, yerlərdə gerçək durumun dəyərləndirildiyi önəmli mərhələdir.

Bu fikirləri açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə, Qarabağın dirçəlişi təkcə binaların yenidən qurulması deyil, illərlə işğal altında qalmış torpaqlara yeni həyatın qaytarılması deməkdir. Bu proses həm fiziki infrastrukturun bərpasını, həm iqtisadi fəallığın təmin edilməsini, həm də sosial-mədəni varlığın yenidən dirçəldilməsini ehtiva edir. Qarabağ təkcə coğrafi məkan deyil, xalqımızın tarixinin, kimliyinin və milli qürurunun ayrılmaz parçasıdır. Hər səfər bu dirçəlişin bir mərhələsi kimi dəyərləndirilməli, yenidənqurma işlərinin yüksək dinamika ilə davam etdiyini göstərən gerçək fakt kimi anlaşılmalıdır.

“Bu prosesin uğurlu həyata keçməsi isə lider-xalq, dövlət-cəmiyyət birliyinə əsaslanır. Xalqın öz liderinin ətrafında sıx birləşməsi və Qarabağın bərpasına dövlətlə yanaşı, ictimai dəstəyin verilməsi bu prosesin dayanıqlı və uzunmüddətli olmasını təmin edir. Çünki bərpa edilən yollar, tikilən evlər, salınan kəndlər və şəhərlər yalnız texniki layihələr deyil, xalqın bu torpaqlara həm də ruh bədənə qayıdırmış kimi qayıdışının təcəllasıdır”, - deyə QHT sədri bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının bu səfərləri, eyni zamanda, beynəlxalq miqyasda da yeni gerçəkliklərin qəbul edildiyinin göstəricisidir. Qarabağda aparılan quruculuq işləri təkcə Azərbaycan daxilində deyil, həm də aid olduğumuz bölgədə və ümumən Yer üzündə ölkəmizin artan gücünün, öz taleyinə yiyə durmaq iradəsinin simvoludur. Bu torpaqlara edilən səfərlər, orada həyata keçirilən hər bir layihə “Azərbaycan Qarabağı bərpa edir, inkişaf etdirir və burada davamlı, dayanıqlı həyat qurur” ismarışını verir.

“Beləliklə, Qarabağ yalnız keçmişin acılarının sağaldığı məkan deyil, eyni zamanda, gələcəyin qurulduğu önəmli strateji bölgəmizdir. Dövlətin qətiyyəti, xalqın birliyi və tarixi haqqın bərpası sonucunda bu torpaqlar əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi çiçəklənəcək və inkişaf edəcəkdir”, - deyə Arzu Bağırova vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər