“Vətən səsi” xəbər verir ki, siyasi təhlilçi, millət vəkili Rizvan Nəbiyev Prezident İlham Əliyevin yerli mətbuat nümayəndələrinə müsahibəsi zaman söylədiyi fikirləri şərh edərkən belə deyib. O, bildirib ki, ölkəmizin başçısı türk dövlətləri arasında hərbi sahədə əməkdaşlığın qurulması barədə təklifini bir neçə faktorla əsaslandırıb: “Birinci faktor odur ki, bu gün dünyada güc amili ortadadır. Çox təəssüf ki, beynəlxalq hüquq arzuolunan formada işləmir. Cənab Prezident türk dövlətləri arasında hərbi əməkdaşlığın qurulmasını təklif etməklə demir ki, gəlin hərbi ittifaq yaradaq. Halbuki bəziləri bunu təhrif olunmuş şəkildə belə qələmə verir və bununla hələ rüşeym formasında olan əməkdaşlığa kölgə salmaq, hansısa təzyiq etmək istəyirlər. Lakin bizim niyyətimiz safdır, çünki ikirərəfli formatla bu cür əməkdaşlığı uğurla həyata keçirmişik – Türkiyə, Özbəkistan və Qazaxıstanla hərbi təlimlər şəklində. Yəni, biz türk dövlətləri ilə ikitərəfli formatda olan hərbi əməkdaşlığı çoxtərəfli formatda və Türk Dövlətləri Təşkilatı səviyyəsində davam etdirmək istəyirik. Prezident İlham Əliyev ötən il Qəbələ sammititində də elan etdi ki, biz 2026-cı ildə belə bir əməkdaşlığın qurulacağını gözləyirik”.
Rizvan Nəbiyevin fikrincə, bu məsələdə vacib olan məqamlardan biri Azərbaycanın qazandığı sülh təcrübəsidir. Siyasi təhlilçi 44 günlük müharibə və ondan sonrakı prosesləri nəzərdə tutaraq hesab edir ki, Azərbaycanın hərbi əməliyyatlarda qalib gəlməsi və sülhü qazanmaq təcrübəsi xüsusilə türk dövlətləri arasında özünəninam üçün vacib faktordur: “Azərbaycanın bu uğurları beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir və bölüşülür. Çünki bizim uğurlarımız beynəlxalq hüquqa əsaslanır, BMT Təhlükəsizlik Şurasının qərarları da buna kifayət qədər əsas verirdi. Biz xarici siyasət sahəsində strateji hesab olunan məqsədlərə doğru addımlamaq üçün digər dövlətlərə də mümkün olanları göstərdik. Qəbələdə regional təhlükəsizlik mövzusunda sammit təşkil etməklə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığı çoxtərəfli formatda gündəmə gətirdik. Bu, cənab Prezidentin təşəbbüsü idi. Burada başqa bir təklif də səsləndi. Məsələn, ötən il İstanbulda müdafiə sənayesində məsul olan qurumların birgə toplantısı keçirilib, növbəti belə tədbir isə bu il Bakıda keçirilməlidir. Yəni əgər Türk Dövlətləri Təşkilatı müxtəlif sahələrdə inteqrasiya edirsə - hazırda bizim 35-dən artıq sahədə əməkdaşlığımız mövcuddur və bu sahələr getdikcə artır – deməli, hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq da bu sahələrdəndir. Ona görə buna da təbii yanaşmaq lazımdır, çünki bunun üçün bizim resurslarımız, siyasi istəyimiz var. Eyni zamanda bunu çoğrafi şərait və hazırkı geosiyasi reallıq diktə edir. Bu, dediyimiz kimi, hər hansı bir qüvvəyə qarşı yönəlməyib, sadəcə, dövlətlərarası inteqrasiyanın hərbi və müdafiə sənayesi sahəsində də irəliləməsi üçün bir konsepsiyasdır. Artıq bu konsepsiyanın həyata keçirilməsinin vaxtıdır”.
Elxan SALAHOV