"Vətən səsi" xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan bildirib. O, Ermənistan Baş nazirinin məqalədəsində qeyd etdiyi başqa bir fikrə diqqət çəkib: "Paşinyan iddia edir ki, Bakıda keçirilən məhkəmə prosesi səhnələşdirilib. Amma onun məhkəmə ilə bağlı həmin qeydi “Azərbaycanla sülh yolundan dönməyəcəyik” fikri ilə uzlaşmır".
Erməni bloger bildirib ki, Paşinyan Bakıda həbsdə olan separatçı dəstə rəhbərlərinin məhkəməsi ilə bağlı əvvəllər də əsassız fikirlər səsləndirib. İndi isə o, həmin fikirlərini rəsmi məqalədə ifadə edir: "Adətən, ölkə rəhbərlərinin məqalələri əsas məna daşıyır və tez-tez sitat gətirilir. İndi belə anlaşılır ki, Paşinyan Azərbaycan tərəfindən "Qarabağ klanı"nın rəhbərlərinin məhkəməsini qeyri-qanuni adlandırmaq fikrini sabitləşdirir. Amma mən sual verirəm: Nikol Paşinyan həqiqətən başa düşmür ki, bu addımı ilə o, İlham Əliyevlə açıq ziddiyyətə gedir? Axı, hazırda bu məhkəmə prosesi Əliyevin əsas siyasi prioritetidir. Belə olan halda Paşinyan Əliyevin məhkəməsini qeyri-qanuni adlandıraraq sülh sazişini necə imzalayacaq? Düşünürsünüz ki, Əliyev bunu eşitmir?"
İşxan Verdyan hesab edir ki, Paşinyanın separatçı liderlərin məhkəməsi barədə dedikləri hüquqi deyil, siyasi xarakter daşıyır. Onun fikrincə, Baş nazirin öz iddiaları ilə bağlı hər hansı arqumenti yoxdur: "Paşinyan proseduru, ittihamları və ya məhkəmə heyətini hüquqi cəhətdən əsaslı şəkildə mübahisə edirmi? Xeyr! O, sadəcə, Azərbaycanda ədalətli məhkəmə ehtimalını mübahisələndirir. O, Azərbaycanın məhkəmə sistemini və onun subyektivliyini mübahisələndirir, amma müstəqil, savadlı hüquqşünaslar tərəfindən ciddiyə alınacaq heç bir arqument gətirmir. Ən maraqlısı isə odur ki, Paşinyan bunu bir məqalədə edir. O məqalə ki, gələcəkdə də sitat gətiriləcək və artıq “yanılmışam” demək kifayət etməyəcək. Bəlkə də bəzi şeyləri anlamır. Amma İlham Əliyevin belə bir atmosferdə sülh sazişini imzalamayacağını başa düşməlidir".
Bloger Paşinyanın məntiqsiz və arqumentsiz fikirlərində şübhəli məqamların olduğunu da düşünür. Onun fikrincə, ABŞ Paşinyana vəd verə bilər ki, beynəlxalq ictimaiyyət Bakının məhkəmə qərarlarını tanımayacaq: "Əgər belə bir şey deyilibsə, amerikalılar əslində çox haqlıdırlar. Axı, onların əlində dünya mediasına təsir etmək üçün kifayət qədər vasitələr var. Onlar müasir dövrün bütün informasiya sahələrinə, o cümlədən süni intellekt sistemlərinə nəzarət edirlər. Onlar Bakının məhkəmə qərarlarını sadəcə unudulmağa tərk edə bilərlər. Amma əsas məsələ odur ki, bunu bacaracaqlarmı? Azərbaycanın hazırkı siyasətini və mövqeyini nəzərə alaraq düşünürəm ki, bu, çox çətin olacaq”.
İşxan Verdyan Ermənistan rəhbərliyinin Bakıdakı məhkəmə ilə bağlı Türkiyənin də mövqeyini nəzərə almalı olduğunu deyib. Onun fikrincə, məhkəmə prosesi ilə bağlı yekun qərarların Ankarada necə qarşılanacağı Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə də ciddi təsir göstərəcək.
Elxan SALAHOV