Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, YAP İdarə Heyətinin bu qərarı ciddi əsaslara söykənir. Təsadüfi deyil ki, bu qərar hər bir fərd tərəfindən rəğbətlə qarşılanır. Çünki İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bilavasitə sosial sifarişdir.
Onun sözlərinə görə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.
Azərbaycan xalqı 30 il Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdi. Torpaqlarımızın azad edilməsi bu müddət ərzində dövlətimizin və partiyamızın qarşısında dayanan bir nömrəli vəzifə idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə də xalqımız dövlət başçısının yanında oldu, ona güclü dəstək nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz liderinə inam və etimadı sarsılmazdır. Xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bütün bunların fonunda YAP İdarə Heyətinin məlum qərarı məhz xalqın iradəsinin ifadəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bütün bunların fonunda gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirib.
S.Fətəliyevanın fikrincə, tarixi Zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, qarşıda yenə də müəyyən hədəflərimiz var ki, Prezident İlham Əliyevin liderliyi ilə buna nail olacağımız şübhəsizdir. Ona görə də, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi milli maraqlarımızın gələcəkdə də uğurla təmin olunması baxımından başlıca şərtdir. (AZƏRTAC)