"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı hökumətdəıki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, məntəqədə Ermənistan tərəfində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri növbə çəkəcək.
Məlumatda qeyd olunur ki, Türkiyə və Ermənistan arasında "Marqara" sərhəd məntəqəsinin hələ 2024-cü yayında açılacağı gözlənilirdi. Belə ki, ötən ilin iyul ayında iki ölkənin xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyanın "Marqara" yaxınlığında keçirdiyi görüşdə ilk dəfə olaraq sərhədin həmin ərəfədə açılması irəli sürülüb. Məhz həmin görüşün nəticələri əsasında Ermənistan tərəfi keçid məntəqəsinin təmiri və təchizatı üçün üçün təxminən 2,5 milyon dollar xərcləyib. Lakin yenidənqurma tədbirləri uzun çəkdiyindən nəzarət-keçid məntəqəsinin açılması ilə bağlı prosedurlar ləngiyib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan isə Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsinin yaxın günlərdə açılacağına dair xəbəri təkzib edib. O, deyib ki, Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində hazırda heç bir dəyişiklik yoxdur.
Əslində isə Türkiyənin Ermənistanla sərhədi açması daha çox Azərbaycanla münasibətlərin nizamlanmasından asılıdır. Rəsmi ankara da dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirib qarşılıqlı anlaşma əsasında sülh müqabviləsini imzalamayınca sərhədlər açılmayacaq. İndiki halda Türkiyə ilə sərhəd qapılarının açılması daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə və Azərbaycanın sərhədləri açması rehional layihələrdən kənarda qalan və iqtisadi təcrid vəziyyətində olan Ermənistana qlobal bazarlara çıxış imkanları qazandıracaq. Ona görə də Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını qarşıdakı yaxın dövr üçün prioritet vəzifə hesab edir. Lakin Paşinyan hökuməti Azərbaycan faktorunu nəzərə almaya bilmir və İrəvan Bakı ilə münasibətləri nizamlamağa məcburdur. Başqa sözlə, həm regional, həm də qlobal səviyyədə ticarət yollarına çıxış əldə etmək istəyən Ermənistan hər şeydən əvvəl Azərbaycanla dil tapmalı, Bakının sülh planı ilə bağlı tələblərini yerinə yetirməlidir.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub.
Elxan SALAHOV