"Vətən səsi" xəbər verir ki, siyasi təhlilçilər ABŞ və Avropa İttifaqının bölgədə yeni müharibə ocağı yaratmağa çalışdığına dair eyham vururlar. Bu məsələdə Vaşinqtonun Ermənistana daha çox təzyiq etdiyi söylənilir. Saxta erməni təəssübkeşliyini irəli sürən Amerika da Fransa kimi Ermənistana hərbi yardımlar etməklə Paşinyan hakimiyyətini Azərbaycanla hərbi qarşıdurmaya təhrik edir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bu məqama diqqət çəkmişdi: “Son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var. Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər”.
Ekspertlərin fikrincə, ABŞ və Fransa kimi ölkələrin məqsədi Rusiyanın bölgədə hegemonluğuna son qoymaq və Ermənistanın vasitəsi ilə Cənubi Qafqaza soxulmaqdır. Bu səbəbdən Ermənistan özünü regionda sülhün tərəfdarı kimi göstərməsinə baxmayaraq, iddialarından geri çəkilmək istəmir.
Son 4 ildə Azərbaycanın regional gücə çevrilməsini və 44 günlük müharibədəki qələbəsini həzm edə bilməyən ABŞ administrasiyasının Bakı və İrəvan arasındakı ilkin sülh anlaşmasında kənarda qalması da Vaşinqtonun maraqlarına cavab vermir. Buna görə də ABŞ Ermənistan vasitəsilə Azərbaycana təsir imkanlarını artırmaqla söz sahibi olmaq, Bakı və İrəvan arasında vasitəçilik missiyasında yer almaq istəyir. Regionda müharibə ab-havasının yaradılması və Ermənistandan hücum planı hazırlanması bu məqsədə xidmət edir.
Elxan SALAHOV