“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Past” nəşri yazır ki, Paşinyan ötən həftə Vaşinqtonla əlaqələri dərinləşdirmək üçün Xarici İşlər Nazirliyinə nəyin bahasına olur-olsun, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla ikitərəfli görüş hazırlamağı tapşırıb: “Bunun üçün yaxşı fürsət Parisdə Notr-Dam kilsəsinin açılış mərasimi ola bilərdi. Amma Fransanın paytaxtında piyada görüş oldu. Bu günlərdə iqtidar dairələri Paşinyanın fevralda Vaşinqtona səfər edə biləcəyi barədə məlumat yayırlar. “Respublika Meydanı” teleqram kanalı baş nazirinin ofisindəki mənbəsinə istinadla bildirib ki, Paşinyan ABŞ-ın yeni prezidentinin xarici siyasət fəaliyyəti fonunda Ağ Evin gələn aydan işə başlayacaq administrasiyasından sülh danışıqları prosesini mümkün qədər sürətləndirməyi xahiş edib”.
Nəşrin yazdığına görə, Paşinyanın məqsədi Bakı və İrəvan arasında uzun müddətdir davam edən sülh prosesini Trampın hakimiyyəti dönəminin ilk aylarında sürətləndirmək və ən qısa müddətdə yekunlaşdırmaqdır. Bunun üçün Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü bütün tələbləri yerinə yetirməyə hazırdır. Lakin Ermənistan hökuməti ABŞ-ın və qərbdəki dəstəkçilərinin köməyi olmadan Azərbaycanla anlaşma əldə edə biləcəyinə o qədər də əmin deyil.
Bununla belə, nə erməni mətbuatı, nə də Paşinyanın komandasından heç kəs söhbətin hansı şətlərdən getdiyini və rəsmi Bakının tələbləri ilə hansı formada razılaşdığını açıqlamır. Bu isə Ermənistan rəhbərliyinin guya, sülh danışıqları prosesini qısa müddətdə başa çatdırmaqda maraqlı olduğu barədə deyilənləri şübhə altına alır.
Xatırladaq ki, Nikol Paşinyan və komandası Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduqlarını hələ ilin əvvəlində elan etmişdi. 2024-cü ilin başa çatmasına iki həftədən də az vaxt qalıb. Lakin rəsmi İrəvan sülh razılaşması üçün hələ də real addımlar atmayıb.
Elxan SALAHOV