Tədbir AR İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və müharibə və silahlı münaqişələr üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin təşəbbüsü ilə təşkil olunmuşdur.
Qeyd edək ki, Qervasio Sançez Azərbaycanda mina qurbanlarına dair məlumat toplamaq və mina problemini işıqlandırmaq məqsədilə cari ilin 25 aprel – 12 may tarixlərində ölkəmizdə səfərdə olmuşdur.
Tədbir zamanı cənab Sançezin səfər çərçivəsində keçirdiyi görüşlər, ələlxüsus da Qarabağ və Şərqi Zəngəzur rayonlarına səfərləri zamanı 30-a yaxın mina qurbanı ilə fərdi söhbətləri əsasında topladığı materiallar və foto-şəkillərin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” foto-jurnal vasitəsilə təqdimatı baş tutmuşdur.
Foto-jurnalda müəllifin ölkəmizə səfəri çərçivəsində lentə aldığı 70-dən çox fotoşəkil - ümumi mənzərə, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar və Azərbaycanın apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də I və II Qarabağ müharibələrindən sonra mina partlaması nəticəsində xəsarət almış mina qurbanlarının portretləri və şəxsi hekayələri yer almışdır.
Təqdirəlayiq haldır ki, Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyətləri və onların yüksək peşəkarlıqla minatəmizləmə əməliyyatlarına cəlb olunmaları cənab Sançezin fotoları vasitəsilə ispan cəmiyyətinə təqdim olunmuşdur.
Qeyd edək ki, Avropa auditoriyası üçün Azərbaycanın mina çirklənməsinin miqyası və bunun humanitar fəlakət kimi ölkəmizin böyük səy və əzmlə həll etməyə çalışdığı problem olması ilk dəfədir ki, məhz avropalıların öz dilindən səsləndirilir.
Tədbirdə rəsmi çıxışçılar arasında İspaniya Parlamentinin yuxarı palatası – Senatın üzvləri, ATƏT PA-nın vitse-prezidenti, hakim sosialist partiyasının nümayəndəsi Pere Xoan Pons, Senatda Xalq Partiyası Qrupunun sözçünün müavini, Milli Təhlükəsizlik və Müdafiə üzrə Birgə Komissiyanın üzvü, Ekstremadura hökumətinin keçmiş prezidenti, hüquqşünas Xose Antoniyo Monago, İspaniya Xarici İşlər, Avropa İttifaqı və İspaniya Əməkdaşlıq Nazirliyi nəzdindəki Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyi (AECID) Direktorunun Texniki Ofisinin koordinatoru Pablo Qan Kesada iştirak etmişdir. AR Milli Məclisinin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Nəriman Qasımov və Ramon Llull Universitetinin Beynəlxalq Əlaqələr professoru Xordi Çukla isə qonaq çıxışçılar qismində iştirakçılara ölkəmizdəki mina problemi haqqında ətraflı məlumat vermişdir.
Qervasio Sançez Azərbaycandakı mina problemin miqyasını xarakterizə edərək 30-dan çox mina təhlükəsi ilə üzləşən ölkərə səfər etdiyini və dünyanın heç bir yerində bu miqyasda mina təhlükəsinə rast gəlmədiyini bildirmişdir. Onun sözlərinə əsasən, müharibə vikipediyada qeyd olunan tarixdə bitmir, onun tam fəsadları aradan qaldırılan zaman yekunlaşır. Azərbaycanın hazırda öz resursları hesabına ərazilərini minalardan təmizlədiyini və beynəlxalq dəstək olmadığı müddətcə bu prosesin daha uzun illər çəkəcəyini bildirmişdir.
Regiondakı təhlükəsizlik prosesləri ilə bağlı məlumatlı olduğunu və dəfələrlə Azərbaycanda səfərdə olduğunu qeyd edən ATƏT PA-nın ətraf mühit məsələləri üzrə vitse prezidenti P. Pons mina probleminin humanitar fəlakət olmaqla yanaşı, iqtisadi və ekoloji fəsadlarını diqqətə çatdırmışdır. Azərbaycandakı mina problemini ətraf mühit kontekstində dəyərləndirərək, ətraf mühitin təsirlərindən birbaşa əziyyət çəkən ölkələr sırasında mina problemli ölkələrin yüksək pillədə yer aldığını və mina problemini həll etməklə ətraf mühitin qorunmasına öz töhfəmizi vermiş olacağımızı səsləndirmişdir.
İspaniya Senatında Milli Təhlükəsizlik və Müdafiə üzrə Birgə Komissiyanın üzvü X.Monaqo cari ildə Qarabağa baş tutmuş səfərindən söz açaraq Azərbaycandakı mina probleminin fəsadları ilə əyani tanış olduğunu, Ağdam şəhərinə səfəri zamanı orada bir dənə də olsun dağıdılmamış binalara rast gələ bilmədiyini, Ağdam şəhərinin açıq kitab/muzey şəklində acı reallığı nümayiş etdirdiyini, müharibə bitməsinə baxmayaraq piyada əleyhinə minaların insanlar üçün davamlı təhlükə yaratdığını, məcburi köçkünlərin geri qayıdışına, iqtisadiyyatın, infrastrukturun inkişafına əsas maneə olduğunu bildirmişdir.
İspaniyanın mina məsələsindəki geniş təcrübəsini paylaşan X.Monaqo Azərbaycanda mina ilə bağlı aparılan fəaliyyətin təkçə əraziləri təmizləməklə məhdudlaşmadığını, bu fəaliyyətin eyni zamanda insanlarda gələcəyə dair ümidlər yaratmaq, ədaləti təmin etməklə həyatını itirən mina qurbanlarının xatirələrinə hörmət etmək, yaralıların gələcək yaşamlarını qurmasına yardım etmək kimi məqamları ehtiva etdiyini qeyd etmişdir. Bu kontekstdə, G. Sançezin mina problemi üzrə məlumatlılığı artırmaq istiqamətində gördüyü işi təqdir edən X.Monaqo onun yalnız keçmişi sənədləşdirmədiyini, eyni zamanda hamımızı kollektiv məsuliyyətə səslədiyini və beləliklə bu jurnalın öz mahiyyətini aşaraq daha çox məna kəsb etdiyini bildirmişdir. O, növbəti dəfə Ağdama səfər etdiyində mina təhlükəsi probleminin bitəcəyinə ümid ifadə etmişdir.
İspaniya XİN-in Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyinin (AECID) nümayəndəsi, Ukrayna üzrə əlaqələndirici şəxs hazırda Azərbaycanın üzləşdiyi mina probleminin daha sonralar Ukrayna da yaşanacağını və bu kimi mina xarakterli humanitar problemlərə beynəlxalq diqqətin verilməsinin vacibliyini bildirmişdir.
İspaniyanın kifayət qədər tanınmış jurnalistlərindən sayılan, yazıçı və ictimai fəal Ana de Santoş tədbirin moderatoru kimi mina probleminin humanitar fəlakət olması, bu səbəbdən minlərlə Azərbaycanlı məcburi köçkünün hələ də öz torpaqlarına qayıda bilməməsi barəsində fikirlərini bölüşərək tədbir boyunca maraqlı müzakirələrin təşviq olunmasına töhfə vermişdir.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəhbər şəxsləri, habelə digər dövlət qurumlarının və parlament palatalarının yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və media nümayəndələri iştirak etmişdir.
Tədbirin sonunda Qervasio Sançezin Azərbaycanda çəkdiyi foto-şəkillərin e-sərgisi təşkil olunmuşdur. (Trend)