“Vətən səsi” xəbər verir ki, erməni politoloq Arman Abovyan Suriya faktorunun regionda böyük dəyişikliklər yaradacağını bildirb. Ermənistan mətbuatının yaydığı məlumata görə, Abovyan bildirib ki, Suriyada Əsəd rejiminə müxalif qüvvələrin həyata keçirdiyi əməliyyatlarda ən böyük qazanc Türkiyənin payına düşür: “Türkiyə Böyük Turan layihəsinin Yaxın Şərqi də əhatə edən hissəsini silah gücü ilə səmərəli şəkildə həyata keçirərək, bölgədəki fiziki varlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu da öz növbəsində Türkiyə-Azərbaycan tandeminin Ermənistanı daha da sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində qeyri-sabitlik yaratmaq cəhdlərinin aktivləşməsinə gətirib çıxaracaq. İsrail İraq və Suriya ərazisindən keçməklə İranla quru əlaqəsini kəsərək, “Müqavimət oxu” adlandırılan qüvvələri zərərsizləşdirdi”.
Erməni politoloq əlavə edib ki, Əsəd rejiminin devrilməsi ABŞ və İsrailin də regionda maraqlarını təmin edib. Onun sözlərinə görə, artıq Suriya ərazisinin bir hissəsi ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarətindədir: “Amerikalılar kürdlər vasitəsilə Fars körfəzindən, Yaxın Şərqdən Avropaya qədər quru logistika marşrutlarına aktiv təsir etmək imkanı qazanıb. Onlara bu imkanı verən Suriya ərazisinin bir hissəsinin ələ keçirilməsidir. Rusiya isə əksinə, regionda ən mühüm təsir alətini itirir və əsas sual Rusiyanın Suriya Latakiyasında hərbi mövcudluğunu qoruyub-qorumayacağıdır.
Abovyan hesab edir ki, Suriya faktorundan ən çox itki ilə çıxan İrandır. Onun fikrincə, Suriyanın parçalanması kürd və bəluc faktorlarının aktivləşməsi ilə həm İran sərhədləri boyunca, həm də ölkə daxilində qeyri-sabitliyə səbəb ola bilər: “Eyni zamanda Rusiyanın Türkiyə ilə maraqları toqquşdu və yaxın vaxtlarda Ərdoğanla Putin arasında razılaşma olmasa tərəflər arasında hərbi qarşıdurma qaçılmazdır”.
Elxan SALAHOV