Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə çıxış edən Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınmasının açıq-aşkar insan hüquqlarının pozulması olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır: "Komissiyanın yaradılması insanların kollektiv yaddaşının saxlanılması üçün mühüm rol oynaya bilər. Eyni zamanda, biz deportasiya proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”.
Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess çıxışında müəyyən dövrlərdə minlərlə azərbaycanlının qanunsuz şəkildə öz yurdlarından qovulduğunu deyib. Vurğulayıb ki, Ermənistanın qeyri-rəsmi təşkilatları və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara qarşı 20-ci əsrdə ciddi şəkildə zorakı deportasiya siyasəti tətbiq olunub.
Paneldə digər çıxış edənlər Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-nin Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov azərbaycanlıların tarixi Azərbaycan ərazisindən qovulduğunu və yerlərinə ermənilərin yerləşdirildiyini deyiblər.
Qeyd edək ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Konfrans iki gün davam edəcək. (AZƏRTAC)