Bu fikri müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
Onun sözlərinə görə, COP sessiyaları iştirakçıların sayına və dövlətlərin əhatə dairəsinə görə haqlı olaraq BMT-nin ən böyük tədbiri hesab olunur ki, bu da ətraf mühit mövzusunun dünya ictimaiyyəti üçün xüsusi aktuallığını göstərir. “Bakıda keçirilən müzakirələrdə 100-ə qədər dövlət və hökumət başçısı, minlərlə idarə rəisi, on minlərlə ekspert, fəal və alim iştirak edir. Əminəm ki, beynəlxalq tədbirlərin, o cümlədən Qoşulmama Hərəkatının iclaslarının təşkilində zəngin təcrübə Azərbaycana bu imtahandan uğurla çıxmağa imkan verəcək”, - deyən Kılıç COP29 Təşkilat Komitəsinin üzvlərinin yüksək peşəkarlığını vurğulayıb.
Keçmiş səfir ətraf mühitin mühafizəsini siyasətin prioriteti elan edən Azərbaycan dövlətinin mövqeyinə diqqət çəkib. O deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaşıl texnologiyaların tətbiqini və respublikanın yaşıllıq ərazilərinin genişləndirilməsini vacib hesab edərək, ölkənin ekoloji siyasətini ön plana çıxarırlar”.
“İMZA” ictimai birliyinin nümayəndəsi Heydər Əliyev Fondunun bütün dünyada tanınan ekoloji təşəbbüs və layihələrini xüsusi qeyd edib.
Kılıç Azərbaycan hökumətinin COP29 çərçivəsində Uşaq, Gənclər və İqlim Fəaliyyəti haqqında Bəyannaməni imzalamaq qərarını da alqışlayıb. “Beləliklə, Azərbaycan iqlim siyasətində gənc nəslə xüsusi diqqət yetirməyi öhdəsinə götürüb. Mən uşaqlar və gənclər arasında ətraf mühitin mühafizəsi haqqında daha geniş anlayışın inkişafına töhfə verəcək bu çox mühüm addımı alqışlayıram”, - deyə keçmiş diplomat vurğulayıb.
Kılıç BMT-nin iqlim konfransının Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini gücləndirəcəyinə əminliyini ifadə edib və COP29 iştirakçılarına bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən ekoloji dəyişikliklər yolunda uğurlar arzulayıb. (AZƏRTAC)