"Vətən səsi" xəbər verir ki, Trampın qələbəsindən dolayı Ermənistanda isterika başlayıb və bunu İrəvanda üzdə olan politoloqlar da gizlətmir. Erməni politoloqlar Azərbaycanla Ermənistan arasında 44 günlük müharibəyə səssiz qalan Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər.
Politoloq Suren Sərkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ-la münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib: “Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir”.
Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib. Onun sözlərinə görə, Donald Trampın seçkilərdə qələbə çalaraq yenidən ABŞ prezidenti seçilməsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq: "Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq”.
Xatırladaq ki, Amerikada demokratları təmsil edən hazırkı prezident Co Bayden qondarma “erməni soyqırımı”nı tanıyıb, 2023-cü ildə isə o, 23 illik fasilədən sonra Azərbaycana birbaşa maliyyə yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”in icrasına imza atıb. Onun bu addımları erməniləri sevindimişdi. Buna görə də Paşinyan və onun komandası, eləcə də ABŞ-dakı erməni diasporu Kamala Harrisin seçilməsində maraqlı idi. Lakin Trampın seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gələrək hakimiyyətə qayıdışı ermənilərin gözləntiləri məyus edib.
Elxan SALAHOV