100-dək fransız tələbənin iştirak etdiyi görüşdə səfir Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar, təbii ehtiyatları, COP29-a ev sahibliyi etməsi, eləcə də ölkəmizin karbohidrogen, eləcə də bərpaolunan enerji mənbələri barədə məlumat verib. Diplomat vacib geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycanın daim müstəqillik uğrunda mübarizə apardığını, müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk respublikadır. L.Abdullayeva XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qonşu ölkənin hərbi təcavüzü ilə üzləşməsindən, çətin vəziyyətlə üzləşmiş ölkəmizin Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən dirçələrək inkişaf dövrünə qədəm qoymasından danışıb.
Diplomat Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından, bu müddət ərzində münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi və Fransanın da imzaladığı 4 qətnamədən söz açıb. Ölkəmizin münaqişənin həllində həmişə sülh yolunu tutduğunu diqqətə çatdıran səfir Ermənistanın təxribatları qarşısında səbir kasası daşan Azərbaycanın ərazilərini güc yolu azad etmək məcburiyyətində qaldığını deyib. Diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edilib, ərazi bütövlüyünün bərpa olunub, ölkəmiz regionda yeni reallıqlar yaradıb.
Azərbaycanın karbohidrogen ehtiyatları barədə məlumat verən səfir ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolundan danışıb.
Regionun lider dövləti olan Azərbaycanın qarşıdan gələn günlərdə COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıran L.Abdullayeva tədbirin əsas məqsədləri, irəli sürülmüş təşəbbüslər, eləcə də ölkəmizdə həyata keçirilən yaşıl və bərpaolunan enerji layihələri barədə tələbələri məlumatlandırıb.
Sonda səfir tələbələrin suallarını, o cümlədən təxribatçı suallarını ətraflı cavablandırıb.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Öyrənilməsi üzrə Azad İnstitut (ILERI) 1948-ci ildə təsis edilib. (AZERTAC)