05.02.2025, 21:55
AZ EN
08.10.2024, 19:20 197

ABŞ mediasında “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” adlı məqalə dərc olunub

XƏBƏRLƏR
  • ABŞ-ın “Newsweek” xəbər dərgisində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə BMT Baş Assambleyasının Nyu-Yorkda davam edən iclasına diqqət çəkən müəllif dünyanın İkinci Dünya müharibəsindən bu yana ən pis böhranlarla üzləşdiyinə və Təhlükəsizlik Şurasının onları həll etməkdə aciz olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bunun əksinə olaraq son 30 ildə davamlı böhran içində olan region kimi təsvir edilən Cənubi Qafqaz indi sakitlik bölgəsi olaraq görünür:

“İqtisadiyyatlar inkişaf edir və region qlobal ticarət və nəqliyyatın vacib hissəsinə çevrilir. Azərbaycan və Ermənistan davamlı və ədalətli sülhə doğru addımlayır. Beynəlxalq ictimaiyyətin və beynəlxalq ictimai rəyə təsir edən şəxslərin bu müsbət regional dinamikanı gücləndirməyə kömək etməsi məntiqlidir. Bununla yanaşı, biz faktların təhrif olunmasına və mövcud narrativlərə zidd olan daxili siyasi gündəmlərin mövcudluğuna şahid oluruq. Təhlükəli radikal dini ritorikada da artım müşahidə edilir”.

Xəzər İbrahim əlavə edib ki, BMT və digər beynəlxalq qurumların çoxsaylı qətnamələri və hesabatları bu faktı təsdiq edir ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini qanunsuz hərbi işğala məruz qoyub. Onun sözlərinə görə, o dövrdə Cənubi Qafqazın müxtəlif yerlərində yerli azərbaycanlı əhaliyə qarşı geniş etnik təmizləmə siyasəti aparılıb, demək olar ki, bütün məscidlər dağıdılıb, yerdə qalanları murdarlanıb:

“Qəbiristanlıqlar da daxil olmaqla hər yerdə minalar var. Hələ də hər il bir çox mülki insan həyatını itirir. Buna baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla sülh prosesinə başlayıb. Bu, fəal şəkildə davam edən bir prosesdir və artıq bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib. 1991-ci ildə müstəqillik elan etdikdən sonra ilk dəfə olaraq bu iki ölkə bəzi beynəlxalq məsələlərdə bir-birini dəstəkləyib və sərhədlərin delimitasiyası danışıqlarını irəlilədib”.

Müəllif bildirir ki, bütün bu irəliləyişlərə baxmayaraq, aparıcı media orqanları, siyasətçilər yanlış informasiyaların yayılmasına imkan verirlər və Azərbaycanın Ermənistana qarşı mübarizədə qəddarlıq nümayiş etdirdiyini iddia edən bu informasiyalar sülh prosesinə xələl gətirir.

Səfir əlavə edib ki, bu istiqamətdə media başlıqlarında əsasən sivilizasiyaların toqquşması önə çəkilir və bunun müsəlmanların xristianlara qarşı mübarizəsi olduğu fikri vurğulanır. Əslində isə Azərbaycanın şəhərlərində və kəndlərində bütün dinlərin və etnik qrupların nümayəndələri birgə xoşbəxt yaşayırlar. Azərbaycanı ən sərt tənqid edən ölkələrdə isə islamofobiya, antisemitizm və nifrət nitqi hökm sürür.

Məqalədə qeyd olunub ki, bu gün Qərb qüvvələri tərəfindən Ermənistanda müntəzəm hərbi təlimlər, döyüş hazırlığı keçilir və ağır silahların tədarükü gerçəkləşdirilir. Bununla yanaşı, erməni diplomatların döyüşkən bəyanatlarının getdikcə daha da artdığı və xüsusən də ABŞ-dakı bəzi rəsmilərin onları dəstəklədiyi bildirilir.

“Sülh və inkişaf perspektivlərini pozmaq asandır, lakin sülh qurmaq cəsarət tələb edir. ABŞ diplomatları sonuncu deyilənə sadiqdirlər və mən bunu yüksək qiymətləndirirəm, lakin onların səylərinə hökumət daxilində ermənilərə rəğbət bəsləyən digər şəxslər tərəfindən xələl gətirilir. Beynəlxalq hüququn pozulması yalnız Cənubi Qafqaza deyil, dünyanın hər yerində hər kəsə zərər vurur. Birləşmiş Ştatların qaydalara əsaslanan beynəlxalq nizamı təşviq etmək kimi müstəsna məsuliyyəti var. Bunu uğurla həyata keçirməklə, o, BMT-nin gələcək sessiyalarını daha parlaq və görüşləri daha ümidverici edəcək”, - deyə Xəzər İbrahim sonda vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər