18.10.2024, 14:14
AZ EN
29.09.2024, 14:55 205

Kamran Əliyev: Özbəkistanın Füzulidə məktəb binası tikməsi xalqlarımızın qardaşlıq münasibətlərinin sübutudur

XƏBƏRLƏR
  • Sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən Özbəkistan Respublikasının baş prokurorunun müavini Şerzod Tuxtaboyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini deyən Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdırdığını, xalqlarımızın rifahına xidmət göstərdiyini xüsusi olaraq vurğulayıb.

O bildirib ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binasının tikilib istifadəyə verilməsi, Qarabağın yenidən qurulmasında bu ölkənin yaxından iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.

Ölkələrimizin beynəlxalq arenada da fəal şəkildə qarşılıqlı fəaliyyət göstərdiyi və nüfuzlu təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), MDB və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumat verən baş prokuror müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsindən və prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

COP29-un, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətindən danışan Kamran Əliyev hər iki beynəlxalq tədbirin ölkələrarası münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli platforma olduğunu qeyd edib.

Daha sonra baş prokuror Kamran Əliyev özbəkistanlı həmkarı Niqmatulla Yuldoşevi Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən noyabrın 15-də Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.

İki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Özbəkistan baş prokurorunun müavini əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb, 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə baş prokuror Kamran Əliyevi təbrik edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir. (AZƏRTAC)

Oxşar xəbərlər