"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Ruben Safrastyan deyib. Onun fikrincə, bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ-da keçirilən görüşdə müzakirə edilib: “Təsadüfi deyil ki, Paşinyan Sünikdən (Zəngəzur) keçən nəqliyyat dəhlizi ilə bağlı “Sülh qovşağı” layihəsindən danışdı. Yəqin Ərdoğan bu məsələni qaldıranda söyləyib ki, baxın, bizim də bu planımız var, bütün yolların açılmasını istəyirik. Fikrimcə, indiki mərhələdə bu məsələ Türkiyə üçün ikinci dərəcəlidir. Çünki Türkiyənin dəmir yolu sisteminin Naxçıvanla birləşməli olduğu hissə tikilməyib. Söhbət 240 kilometrlik xətdən gedir. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu açıqlamışdı ki, tikinti 2028-ci ildə başa çatdırılmalıdır. Yəni Türkiyənin 2028-ci ilə qədər vaxtı var. Hesab edirəm ki, Türkiyə o vaxta qədər Ermənistana təzyiqlərini davam etdirəcək".
Erməni politoloq Ərdoğanın "əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, biz də münasibətləri tənzimləyəcəyik" bəyanatına da diqqət çəkib. Safrastyan əmindir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məhz Bakı və İrəvanın sülh danışıqlarını uğurla başa çatdırmasından və qarşılıqlı razılaşmalarından asılıdır: "Yəni, Azərbaycanla razılaşma Ermənistanın Türkiyə ilə münasibətlərinin qaydaya salınması üçün ilkin şərtdir. İndiki vəziyyəti nəzərə alaraq deyə bilərik ki, Ermənistan bu şərti gec-tez yerinə yetirəcək. Nəticədə onlar Zəngəzur dəhlizini də alacaqlar”.
Safrastyan vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyənin də hədəfidir və kommunikasiya xətti onsuz da açılacaq. O, əlavə edib ki, Ərdoğan Ermənistanın Baş naziri ilə Nyu-Yorkda görüşməklə həm də dünya və ABŞ-a Türkiyənin Cənubi Qafqazda lider mövqedə olduğunu göstərib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüş zamanı iki ölkənin münasibətlərində normallaşma, Azərbaycanla Ermənistan arasında sülh prosesləri müzakirə olunub. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” adlı imzalı kitabını hədiyyə edib.
Elxan SALAHOV