"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli hökumətə istinadən məlumat yayıb. Müxalif "Hraparak" qəzetinin yaydığı məlumata görə, Ankara yalnız vətəndaşların gediş-gəlişinə icazə verir, yükdaşımalar üçün isə sərhədlər hələ bir müddət də bağlı qalacaq. Bunun əvəzində Türkiyə Ermənistana Gürcüstan vasitəsilə daşınan yüklər üçün daha geniş imkan vəd edir.
"Türkiyə aralıq mərhələ kimi bir addım da atılacaq. Ermənistan hökumətinə təqdim olunmuş təkliflərdə deyilir ki, bundan sonra Gürcüstan ərazisi ilə Türkiyədən Ermənistana gələn yüklərə dair sənədlərdə son təyinat məntəqəsi Gürcüstan yox, Ermənistan göstəriləcək. Amma Türkiyə yüklər üçün sərhədi açmağa hazır deyil. Türkiyə bu şərtlər daxilində ikitərəfli diplomatik münasibətlərin qurulmasına dair protokol da hazırlayıb. Üstəlik Ankara bu sənədin imzalanması üçün Baş nazir Nikol Paşinyanın şəxsən Türkiyəyə gəlməsini tələb edir", - deyə erməni nəşri yazır.
"Hraparak" iddia edir ki, Türkiyə xüsusi nümayəndə vasitəsilə Ermənistana dəmir yolu ilə də bağlı ismarıc göndərib. si Sərdar Kılıç İrəvandan tələb edib ki, Ermənistan təcili qaydada Yerasxdan (Arazdəyən) Azərbaycan sərhədinədək və Axurikdən Türkiyə sərhədinədək olan hissələrdə dəmir yolunun tikintisinə başlamalıdır. Lakin Ermənistanın Baş naziri dövlət büdcəsində vəsait olmadığını əsas gətirərək dəmir yolunun inşası işinin Rusiya tərəfindən həyata keçirilməsinə çalışır.
Nikol Paşinyan dekabrın 25-də bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Ümid edirik ki, rusiyalı tərəfdaşlar (dəmir yolunun yenidən qurulması ilə bağlı) işləri mümkün qədər tez yerinə yetirəcəklər. Məlumdur ki, həmin hissələr Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"nın balansındadır. Artıq bəyan etmişəm ki, əgər Rusiyadakı tərəfdaşımızın bu işi vaxtında həyata keçirməkdə problemi varsa, Ermənistan hökuməti həmin hissələri balansdan çıxara və bərpa işlərini dövlət büdcəsi vəsaiti ilə həyata keçirə bilər".
"Hraparak" iddia edir ki, Ermənistan Baş nazirinin bir neçə gün əvvəl Rusiyaya səfərinin əsas səbəbi də məhz bununla bağlı olub. Nəşr öz mənbələrinə istinadən yazır ki, Paşinyan prezident Vladimir Putini bu hissələrin Rusiya vəsaiti hesabına tikilməsinə razı sala bilib: "Əlbəttə, Rusiya da öz əks tələblərini irəli sürüb və ehtimala görə, Paşinyanın razılığını alıb".
Elxan SALAHOV