23.12.2024, 11:00
AZ EN
18.09.2024, 13:02 284

Fransalı nazirin Ermənistana səfərinin gizli məqamları üzə çıxır

XƏBƏRLƏR
  • Fransa xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfəri çərçivəsində tarixi Azərbaycan torpağı olan Vedibasar bölgəsinə də gedib. Onun indiki həssas dönəmdə regiona səfəri və gizli şəkildə tarixi Azərbaycan torpaqlarınıa baş çəkməsi siyasi dairələrdə böyük rezonasa səbəb olub. Fransalı nazirin bir növ məxfi xarakter daşıyan bu səfərinin əsl məqsədləri maksimum dərəcədə gizli saxlanılması xüsusilə diqqəti cəlb edir.

"Vətən səsi" xəbər verir ki, erməni ekspert Qarik Keryan yerli mətbuata açıqlamasında səfərlə bağlı bəzi məqamlara toxunub. O, deyib ki, Sejurne Ermənistanda iki gün qalıb, lakin Vedi su anbarının açılışından başqa əlamətdar hadisə qeydə alınmayıb: “Ermənistan hakimiyyəti görünür, İrəvan-Bakı danışıqlarında Qərb platformasının effektivliyinə şübhə ilə yanaşır, Paşinyanın sonuncu mətbuat konfransında Rusiyaya qarşı ritorikanı yumşaltması da diqqəti bu yönə çəkir. Bundan başqa, baş nazirin MDB və BRİKS sammitlərində iştirak edəcəyi ilə bağlı rəsmi məlumat yayıldı. Buna görə Qərb Ermənistan hakimiyyətinin etimadını qazanmağa çalışır. Sejurnenin bu missiyanı yerinə yetirən nümayəndə kimi seçilməsi istisna deyil”.

Keryan hesab edir ki, Fransa kollektiv Qərb tərəfindən missiyanı yerinə yetirən ölkə kimi seçilib. Onun sözlərinə görə, geosiyasi mərkəzlərə Cənubi Qafqaz bütövlükdə lazımdır. Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasına çalışması da buna xidmət edir: “Qərb Azərbaycanı da Rusiyanın təsirindən çıxarmaq və prosesə qoşmaq istəyir. Sülh sazişi imzalanması üçün Ermənistana verilən vədlər də prosesin tərkib hissəsidir və görünür, Fransa əsas koordinator rolunda çıxış edir. Lakin Bakının Parislə münasibətləri gərgindir, buna görə Fransa missiyasını əsasən Ermənistan üzərindən həyata keçirir”.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Stefan Sejurne 15-16 sentyabr tarixlərində Ermənistanda səfərdə olub. Səfər zamanı fransız nazir erməni həmkarı Mirzoyanla əvvəlcə təkbətək, daha sonra geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə görüşüb. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Amma onların jurnalistlər qarşısında dayanması formal xarakter daşıyıb, fransalı nazirin səfərinin məqsədi, hansı ərazilərə getdiyi və keçirdiyi görüşlər barədə müfəssəl məlumat verilməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər