- "Zəngəzur dəhlizinin açılmasının Ermənistanın regionda rolunu və nüfuzunu artıra, iqtisadiyyatın şaxələndirilməsinə təkan verə bilər. Əksinə, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə və yeni kommunikasiyaların qurulması prosesində iştirak etməsə, bundan böyük ziyan çəkəcək".
"Vətən səsi" xəbər verir ki, bunu ləğv edilmiş qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "müdafiə naziri" Samvel Babayan bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın maraqlarına xidmət etmir: "Mövcud vəziyyət və ortada olan təkliflər onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın xeyrinədir".
Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı Xankəndidən Ermənistana qaçan separatçı Samvel Babayan əlavə edib ki, Ermənistan Mehri yolunun, yəni Zəngəzur dəhlizinin açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək. Onun fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər: “Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək isə Ermənistanın əleyhinədir”.
Samvel Babayanın bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb olub. Ermənistan mediası onu Azərbaycanın siyasi girovluğunda olmaqda və rəsmi Bakının maraqlarına xidmət etməkdə günahlandırıb.
Elxan SALAHOV