23.12.2024, 23:40
AZ EN
09.09.2024, 17:13 127

Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı açıq mesaj

XƏBƏRLƏR
  • Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətin  özəl şirkətə həvalə edilməsi Ermənistanın suverenliyinə xələl gətirməyəcək.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan ərazisindən keçəcək kommunikasiyalarla bağlı bütün məqamlar müzakirə olunur: “Beynəlxalq əhəmiyyətli kommunikasiya xətlərinə nəzarətin, xüsusilə yoxlama funksiyalarının hansısa təşkilata verilməsi təcrübəsi var. Əgər gələcəkdə Sünikdən (Zəngəzur-red.) keçəcək kommunikasiyalarla bağlı belə hal razılaşdırılsa, bu, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək. Belə olarsa, bu, daha məntiqlidir. Bu, sadəcə bir fikirdir və müzakirə oluna biləcək bir təklifdir”.

Erməni spiker Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, bu məsələdə də düşünülməli olan bir çox məqamlar var.

Alen Simonyan Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib ki, Azərbaycanla bütün müqavilələr "güzgü prinsipi" məntiqi ilə müzakirə olunur. Lakin hazırda Zəngəzur dəhlizi və burada nəzarət məsələləri ilə bağlı heç bir qərar qəbul edilməyib: "Bu, yenidir, münaqişə bir neçə ildir başa çatıb. İndi təbiidir ki, keçid zamanı yoxlama olarsa, hansısa vasitəçinin olması daha yaxşı olardı".

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Zəngəzur dəhlizi ilə bağlı bəzi maraqlı məqamları açıqlayıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, Mirzoyan deyib ki, Azərbaycanla nəqliyyat əlaqəsi açılacağı halda dəhlizdə nəzarət funksiyasını həyata keçirəcək özəl mühafizə şirkətinin əməkdaşları orada yerləşdirilə bilməz, onlar yalnız sərnişinləri və yükləri müşayiət edəcəklər: "Dəhlizin yaradılması və onun üzərində nəzarətin hər hansı üçüncü tərəfə ötürülməsini nəzərdə tutan heç bir şey nəzərə alınmır. İnsanların təhlükəsizlik hissini artırmaq üçün Ermənistan üçün üçüncü tərəfin olması qəbuledilməzdir. Lisenziyalı özəl mühafizə şirkətinin cəlb edilməsi məsələsi hər iki ölkədə müzakirə oluna bilər, hansı ki, onlar qatarda insanları və yükləri müşayiət edəcək".

Elxan SALAHOV
Oxşar xəbərlər