Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
QHT sədrinin sözlərinə görə, əslində, “Digital Services Act”na diqqət etsək, ilk baxışda bu qanunda guya vətəndaşın qorunması ön plana çəkilir. Amma ətraflı təhlil aparıldıqda aydın olur ki, bu aktda sosial şəbəkələrdən tutmuş digər virtual məkanı əhatə edən alətlərə belə qadağalar şamil olunur. Azərbaycanda oxşar qanun qəbul olunsaydı, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency” kimi təşkilatlar, o cümlədən Avropanın siyasi institutları ölkəmizi söz və ifadə azadlığını boğmaqda günahlandırmaqla dayanmaz, dövlətimizə qarşı sanksiyaların tətbiqi üçün bütün güclərini səfərbər edərdilər. “Mətbuat azadlığı” və “insan hüquqları” adı altında yeni hesabatlar hazırlanar, beynəlxalq platformalarda qaralama kampaniyaları təşkil olunar, hətta Azərbaycanda keçirilən beynəlxalq tədbirlər boykot çağırışları ilə müşayiət olunardı. Lakin qəribədir ki, bu cür daha sərt tədbirləri Avropa ölkələri tətbiq etdikdə, həmin təşkilatlar ya susur, ya da bu addımları “zəruri tənzimləmə” kimi təqdim edirlər. Bu isə bir daha göstərir ki, onların yanaşması prinsipial deyil, siyasi maraqlara əsaslanır. Məqsəd insan hüquqları deyil, bölgədə müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələri təzyiq altında saxlamaqdır.
“Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”. Fikrimcə, məsələnin əsas səbəbi məhz budur. Bu qurumlar insan haqları və söz azadlığına xidmət edən obyektiv təşkilatlar olmaq əvəzinə, müəyyən siyasi dairələrin sifarişlərini yerinə yetirən vasitələrə çevriliblər. Qərb üçün “azad media” anlayışı yalnız onların maraqlarına uyğun mövqe sərgiləyən mətbuat deməkdir. Əks fikirlər, fərqli yanaşmalar isə ya susdurulur, ya da qaralanır. Bu isə bizə bir daha sübut edir ki, sözdə “universal dəyərlər” təbliğ edənlər əməldə çox vaxt həmin dəyərlərin özlərinə belə hörmət bəsləmirlər. Bu ikili yanaşma onu göstərir ki, söz və ifadə azadlığı bəzi dairələr üçün yalnız siyasi vasitədir - dostlara qarşı tolerantlıq, fərqli düşünənlərə qarşı isə senzura. Halbuki azadlıq, ədalət və tərəfsizlik prinsipləri selektiv olmamalıdır. Əvvəl evin içi, sonra çölü...”, - deyə Cəsarət Hüseynzadə vurğulayıb. (AZƏRTAC)