15.05.2025, 16:06
AZ EN
06.09.2024, 10:53 268

Nazir: Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir

XƏBƏRLƏR
  • İqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşmür. Bu təsirlər yalnız mütəxəssislər tərəfindən deyil, artıq hamı tərəfindən sadə gözlə müşahidə edilməkdədir. İqlim dəyişmələri kənd təsərrüfatı, su ehtiyatları, meşə, biomüxtəliflik, səhiyyə və turizm və digər sahələrə təsir göstərir. Sahilyanı ərazilərə təsiri xüsusi qeyd etmək lazımdır. Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm, antropogen və həm də texnogen təsir daşıyır.

Bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə keçirilən “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“İqlim dəyişmələrinin təsiri artdıqca qanunvericiliyin rolu daha da artır. Hüquq sistemləri yalnız emissiyaların azaldılmasını təmin etməklə kifayətlənməməli, iqlim dəyişmələrinin təsirlərindən ən çox əziyyət çəkən icmaların hüquqlarının qorunmasına yönəldilməlidir. Hüquq sistemlərimizin iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli, ən əsası iqlimə həssas olanların hüquqlarını qorumalıdır.

Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir. Bir çox ölkə məhkəmələrində iqlim dəyişikliyi ilə bağlı məsələlərə baxılır və qərarlar çıxarılır”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək. (Trend)

Oxşar xəbərlər