23.12.2024, 22:59
AZ EN
24.08.2024, 14:51 201

Azər Qarayev: Azərbaycan-Özbəkistan əlaqələri strateji səviyyəyə yüksəlir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin xarici siyasətində türkdilli ölkələrlə dostluq-qardaşlıq münasibətlərinin qurulması, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, mütəffiqlik münasibətləri hər zaman başlıca rol oynayır.

Bunu politoloq Azər Qarayev bildirib.

A.Qarayev bildirib ki, Azərbaycan və Özbəkistan arasındakı əlaqələr son illərdə yeni zirvəyə çatıb və bu, Prezident İlham Əliyevin 22 avqust 2024-cü ildə Özbəkistana etdiyi dövlət səfəri zamanı daha da gücləndi.

"Özbəkistan və Azərbaycanın iki rayonu arasında qardaşlıq əlaqələr yaradıldı. Eyni zamanda, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi gələn il xüsusi qeyd olunacaq.

Bu səfər zamanı Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında mühüm bir müqavilə imzalandı və bu, iki ölkə arasındakı əlaqələrin strateji səviyyəyə yüksəlməsinin bir göstəricisi oldu.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı görüşdə hər iki lider ölkələr arasında mövcud olan sıx əməkdaşlıqdan danışdılar və onun müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. Xüsusilə iqtisadiyyat, sənaye və infrastruktur sahələrində genişmiqyaslı layihələr həyata keçirilməkdədir. Prezident Mirziyoyev Azərbaycanın Qarabağda apardığı yenidənqurma işlərini yüksək qiymətləndirərək, Özbəkistanın bu prosesə öz dəstəyini göstərməyə hazır olduğunu ifadə etdi. Bu, Özbəkistanın Qarabağda tikinti işlərində iştirak etməklə bağlı irəli sürdüyü təklifi də əhatə edir.

İlham Əliyev isə iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirdi. Bu müttəfiqlik münasibətləri iki qardaş xalqın və iki güclü dövlətin daha da yaxınlaşmasını təmin edəcək və gələcəkdə regional siyasətdə də əhəmiyyətli rol oynayacaq".

Politoloq onu da əlavə edib ki, səfər zamanı, həmçinin, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra mühüm sənədlər də imzalandı.

"Bunlar arasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ən əhəmiyyətli sənədlərdən biri kimi tarixə düşdü. Bu müqavilə Azərbaycan və Özbəkistanın beynəlxalq arenada bir-birini dəstəkləyən müttəfiq ölkələr kimi çıxış etmələrini təmin edəcək.

Azərbaycan və Özbəkistan birlikdə mühüm layihələrə start verəcək – bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir. Layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Azərbaycan və Özbəkistan arasındakı güclü əlaqələr hər iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə inkişafına böyük töhfə verəcək və gələcək illərdə də bu istiqamətdə daha da dərinləşəcəyi gözlənilir.

İki qardaş ölkə arasında olan sıx bağlılıq, tarixi əlaqələr və ölkə başçıları arasındakı yüksək səviyyəli dost münasibətlər Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verən başlıca məqamlardır". (Trend)

Oxşar xəbərlər