"Vətən səsi" xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani "Azadlıq" radiosu"nun erməni xidmətinə - “Azatutyun”a müsahibəsində Zəngəzur dəhlizi barədə suala cavab verərəkən bildirib. O, Ermənistanın Türkiyə və Azərbaycanla həmsərhəd olduğuna diqqət çəkərək deyib ki, rəsmi İrəvan qonşu ölkələrlə düşmənçiliyə son qoymalıdır: “Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında sərhərlərin açılmasının tərəfdarıyıq. Bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim də Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan Arazdəyənə və İrəvana qədər avtomobillə əlaqə saxlaya bilərik. Amma Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhliz açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir".
İranın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərinin oldiğunu deyən səfirin sözlərinə görə, rəsmi Tehran bu imkandan istifadə edərək regionda yeni müharibə təhlükəsini aradan qaldırmağa çalışır. Mehdi Sobhani Ermənistanı da regionda sülhə dəstək verməyə çağırıb: “Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik”.
Elxan SALAHOV