Bu ilin mayında ölkəmizdə səfərdə olmuş və azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini yaxından müşahidə etmiş jurnalist-fotoqraf Qervasio Sançez Fernandez tərəfindən qələmə alınan məqalədə təxminən 35 il davam etmiş münaqişə nəticəsində işğal altında olmuş ərazilərdə bütün şəhər və kəndlərin xarabalığa çevrildiyi bildirilib.
Yazıda xüsusi vurğulanıb ki, Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazilərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. Müəllif 1991-ci ildən 2024-cü il mayın 2-dək mina qurbanlarının sayının 3500-ə yaxın olduğunu bildirib. Qeyd edib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. Son üç il yarım ərzində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mülki şəxslərdir. Mina qurbanlarından 67-si həlak olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatəmizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib.
Məqalədə İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Azərbaycanın ərazidə minatəmizləmə işlərinə başladığı qeyd olunub, bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA tərəfindən bu istiqamətdə işlər fasiləsiz davam etdirilir. ANAMA-nın 2300 nəfərdən ibarət komandası tərəfindən görülən işlər nəticəsində ərazinin təxminən 12 faizi minalardan tamamilə və ya qismən təmizlənib. Ərazilərdə 50 mindən çox mina, 62 mindən çox PHS təmizlənib ki, bu da basdırılmış minaların cəmi 3,32 faizi deməkdir. Həmçinin xüsusi vurğulanıb ki, Azərbaycan dövləti minatəmizləmə əməliyyatının 95 faizini öz imkanları hesabına həyata keçirir.
İspaniyalı jurnalist məqalədə azərbaycanlı minaaxtaranların, xüsusən bu işə qoşulan qadınların fədakarlığına da geniş yer ayırıb. Bütün çətinliklərə baxmayaraq, bu fədakar qadınların doğma Vətənin təhlükəsizliyi və övladlarının gələcəyi üçün bu işdə yorulmadan çalışdıqları vurğulanıb. Qeyd olunub ki, qadınların səbirli və minatəmizləmə işində son dərəcədə diqqətli olmaları onların fəaliyyətinin səmərəliliyini xeyli artırır.
Müəllif yazıda azərbaycanlı minaaxtaran qadınlarla söhbətlərindən geniş bəhs edib, onların bu təhlükəli iş barədə fikirlərini ispandilli oxucuların diqqətinə çatdırıb: “25 yaşlı Səlimə Mayılova universitetin kimya fakültəsini bitirdikdən sonra doqquz aydır minalardan təmizləmə proqramına qoşulub. “Ölkəmdə qadınların ilk kontingentinin bir hissəsi olmaq istədim. Valideynlərim bu işdə məni dəstəklədilər”, - deyə o vurğulayır. Dörd uşaq anası, 44 yaşlı Sehran Babayeva bildirir ki, “həyat yoldaşım həmişə məni dəstəkləsə də, uşaqlarım tamamilə mənə qarşı çıxdılar. Lakin səkkiz aydan sonra artıq hamı mənimlə fəxr edir. Ekologiya ixtisası üzrə ali təhsil almış 37 yaşlı Əminə Əliyeva 10 aydır ki, qadın kontingentindədir. O, “Vətənimizin təhlükəsizliyinin və uşaqlarımızın gələcəyinin yaxşılaşdırılmasında” iştirak etmək istədiyi üçün öz işini tərk edib”.
Məqalədə doğma yurdlarına qayıdan məcburi köçkünlər barədə də məlumat verilib. Müəllif Füzuli rayonunun mərkəzində müasir binaların inşa olunduğunu, buraya qayıdan keçmiş məcburi köçkünlərin yaradılan şəraitdən məmnun qaldıqlarını və gələcəyə nikbin baxdıqlarını qeyd edib: “Füzulinin mərkəzində bütün binalar yenidir və burada 2000-ə yaxın insan yaşayır. 77 yaşlı təqaüdçü Dərgah Xudiyev şahmat oynayır. O bildirir: “Müharibə nəticəsində məcburi köçkün kimi 30 il paytaxt Bakıda yaşadıqdan sonra altı aydır burada məskunlaşmışam”. O, indi mənzildə yaşayır, çox razı və nikbindir”.
Jurnalist Qervasio Sançez Fernandez mina hadisələri nəticəsində ağır xəsarətlər almış şəxslərlə də söhbətlərindən söz açıb, onların müsahibələrinə geniş yer verib. Yazıda mina partlayışı nəticəsində ayaqları amputasiya edilən 29 yaşlı Bəxtiyar Abbasov, 38 yaşlı Zaməddin Həsənov, 23 yaşlı Həsənəli Əliyev, 41 yaşlı Anar Hüseynov, 43 yaşlı Mənsur Məhərrəmov, 48 yaşlı Niyaməddin Verdiyevin müsahibələri diqqətə çatdırılıb. Müsahibələrində yaşadıqları həmin dəhşətli anlar barədə fikirlərini bölüşən mina qurbanları Azərbaycan dövləti tərəfindən protezlərlə təmin olunduqlarını, müalicələrinin daim diqqət mərkəzində saxlandığını vurğulayıblar. (AZƏRTAC)