23.12.2024, 08:52
AZ EN
08.08.2022, 10:30 338

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb

XƏBƏRLƏR
  • Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Elşad Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Möhtəşəm layihəyə təşkilati və tərəfdaşlıq dəstəyi göstərən təşkilatlara minnətdarlıq ifadə edilib.

“Şuşanın qapıları hər zaman sizin üçün açıqdır. Bundan sonra yəqin ki, tez-tez Şuşaya gələrsiniz. Biz həmişə sizin yolunuzu gözləyəcəyik. Ümid edirəm ki, burada keçirdiyiniz bir həftə çox maraqlı və səmərəli oldu. Ən azı öz gözlərinizlə erməni vandallarının törətdikləri vəhşiliklərin izlərini gördünüz. Eyni zamanda, Azərbaycan dövlətinin son ilyarım ərzində həyata keçirdiyi quruculuq-bərpa işləri ilə yaxından tanış oldunuz. Gördünüz ki, bu torpaqların əsl sahibləri öz doğma yurduna necə böyük həssaslıqla yanaşır”, - deyə İH sədri bildirib.

Komitənin indiyədək xaricdə yaşayan azərbaycanlıların Şuşaya beş səfərini təşkil etdiyinə diqqət cəlb olunub. “Həmin səfərlərdə 400-500 nəfər iştirak edib. Amma onların heç birinə Şuşada gecələmək nəsib olmayıb. Siz isə artıq bir həftədir ki, Şuşadasınız. Bu ayrıca üstünlükdür və diaspor gənclərinə verilən önəmdir. Ümidvaram ki, hamınız ölkələrinizə qayıtdıqdan sonra burada gördüklərinizi yerli dillərdə sosial şəbəkələr və media vasitəsilə yayacaqsınız, sizin paylaşımlar sayəsində Şuşadakı III Yay Düşərgəsinin dünya trendinə düşəcəyini qısa müddət ərzində görə biləcəyik”, - deyə Komitənin aparat rəhbəri vurğulayıb.

Sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub, layihə çərçivəsində keçirilmiş intellektual oyunların qalibləri mükafatlandırılıb. Eyni zamanda, düşərgədə xüsusi fəallıq göstərən gənclər püşkatmada iştirak edərək hədiyyələr qazanıblar.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Oxşar xəbərlər