20.11.2025, 04:21
AZ EN
07.11.2025, 13:23 196

Azərbaycan "İbrahim sazişləri"nə qoşula bilər

XƏBƏRLƏR
  • ABŞ administrasiyası tezliklə daha bir ölkənin "İbrahim sazişləri"nə qoşulacağını elan edəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışında bildirib. Lakin o, həmin ölkənin adını söyləməyib.

İsrail mətbuatına istinadən yayılan məlumatlarda deyilir ki, Vitkoff "İbrahim sazişləri"nə qoşulan ölkələrin siyahısının genişləndirilməsini istisna etməyib. O, gələcəkdə Ermənistan və Azərbaycanın da qoşula biləcəyini də qeyd edib: "Biz yaxın vaxtlarda Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəlib. Bu, Liviya ilə də baş verə bilər. Mən İbrahim sazişlərinə qoşulan ölkələrdən danışıram. Bu, Azərbaycan və ya Ermənistan ola bilər".

Xatırladaq ki,  "İbrahim sazişi" (Abraham Accords) siyasi termin kimi ilk dəfə ABŞ prezidenti Donald Tramp və onun yeznəsi Jared Kuşner tərəfindən dilə gətirilib. Bu, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Plan iki əsas hissədən ibarətdir. Bunlardan birincisi yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, yəni daha çox İsrailin xeyrinə bölüşdürülməsi yolu ilə İsrail-Fələstin münasibətlərinin nizamlanmasını nəzərdə tutur. İkinci isə ərəb ölkələri ilə İsrail arasında barışığı özündə ehtiva edir. Həzrət İbrahimin ərəb və yəhudilərin atası hesab olunmasına görə bu sənəd "İbrahim sazişi" adlandırılır. Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İsrail arasında barışıq əlaqələrinin qurulması haqqında sənədi imzalandıqdan sonra Mərakeşlə Sudan da bu sazişə qoşulub. Ötən gün ABŞ prezidenti Donald Tram özünün “Truth Social” platformasında  Qazaxıstanın rəsmi olaraq "İbrahim sazişləri"nə qoşulmasına razılıq verildiyini bildirib.

Yeri gəlmişkən, Azərbaycan həm İsrail, həm də Fələstinlə ən yaxşı münasibətləri olan ölkələr sırasında yer alır. Xüsusilə İsraillə dostluq və strateji əməkdaşlıq münasibətləri olan Azərbaycanın "İbrahim sazişləri"nə qoşulmaq imkanları daha real görünür.

Elxan SALAHOV

Oxşar xəbərlər