21.11.2024, 14:46
AZ EN
21.11.2024, 10:52 24

Azərbaycanın Ermənistandan daha iki tələbi var

XƏBƏRLƏR

Azərbaycanla Ermənistan arasında hazırlanan sülh müqaviləsində razılaşdırılmayan iki bənd var. Bunlardan biri Ermənistan-Azərbaycan sərhədindən üçüncü ölkə qüvvələrinin çıxarılması, digəri isə beynəlxalq məhkəmələrdə Bakıya qarşı iddiaların rədd edilməsidir.

 

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda Paşinyan hakimiyyətinə müxalif mövqeyi ilə seçilən “Hraparak” nəşri məlumat yayıb. Qəzet Ermənistandakı diplomatik mənbələrinə istinadən bildirir ki, Azərbaycan hər iki şərtin yerinə yetirilməsini tələb edir. O da qeyd edilir ki, birinci tələb Avropa İttifaqı (Aİ) müşahidəçilərindən ibarət missiyanın Ermənistan-Azərbaycan sərhədində olmadığı zaman irəli sürülüb və bu problem yalnız Rusiya sərhədçilərinə aid olub. Ermənistan isə Azərbaycanın bu tələbinə etiraz etməyib. Lakin Aİ müşahidəçilərindən ibarət missiyanın sərhədə göndərilməsindən sonra rəsmi Bakı İrəvan qarşısındakı tələbini yenidən formalaşdıraraq avropalı müşahidəçilərin də sərhəddən çıxarılmasını tələb edir.

Bununla belə, nəşr yazır ki, Qərb ölkələri, xüsusilə Fransa və Almaniya Aİ müşahidəçilərinə Azərbaycan-Ermənistan sərhədində qalmaq və regional hadisələri izləməyə davam etmək üçün təzyiq edir. Buna görə də gələn ilin fevralında başa çatacaq razılaşmanın müddəti uzadılmalıdır.

Rəsmi Bakının ikinci tələbinə gəlincə, erməni mətbuatı yazır ki, Paşinyan hökuməti beynəlxalq məhkəmələrdə iddialardan geri çəkilmək istəmir və Azərbaycanın bu mövqeyi ilə razılaşmayıb. Lakin müzakirələrin növbəti mərhələsindən sonra Ermənistan rəsmiləri İrəvanın bu məsələ ilə bağlı mövqeyini əvvəlki kimi müdafiə etməkdən çəkinib və prinsipcə Bakının tələbinə qarşı deyil. Sadəcə Azərbaycanın da qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdəki iddialardan imtina etməsini istəyir.

"Amma aydındır ki, Azərbaycan bununla razılaşmayacaq. Çünki 30 il ərzində işğala məruz qalan tərəf onlardır", - deyə “Hraparak” əlavə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər