06.07.2024, 15:31
AZ EN
03.07.2024, 20:59 161

Politoloq: Çinlə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə Azərbaycanın Qərblə yanaşı, Şərq dövlətləri ilə də münasibətlərə böyük önəm verdiyinin göstəricisidir

XƏBƏRLƏR
  • "Azərbaycanın müxtəlif beynəlxalq platformalar çərçivəsində yeritdiyi uğurlu xarici siyasət onu göstərir ki, ölkəmiz hər hansı qütb və beynəlxalq güclə əlaqələrimizi digər dövlətlərlə münasibətlərin girovuna çevirmək niyyətində deyil".

Bunu açıqlamasında siyasi şərhçi Anar Əliyev Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Astanaya səfərini dəyərləndirərkən bildirib.

Ekspert eyni zamanda, Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə də toxunub.
O deyib ki, sözügedən sənəd ölkəmizin Qərblə yanaşı, Şərq dövlətləri ilə də münasibətlərə böyük önəm verdiyinin göstəricisidir:

"Azərbaycan özünün xarici siyasətində və beynəlxalq əlaqələrində çoxvektorlu yanaşmaya önəm verdiyini bir daha göstərmiş oldu. Azərbaycan bu günədək Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə olduğu kimi, Qərblə münasibətlərə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi ilə yanaşıb. Ölkəmizin mövqeyi ondan ibarət olub ki, suverenlik məsələsi heç bir zaman müzakirə predmeti ola bilməz. Eyni zamanda, ölkəmiz dövlətlərin daxili işlərinə müdaxiləni də qəbuledilməz sayır. Bu prinsiplər BMT-yə üzv dövlətlərin qarşılıqlı əlaqələrində hər zaman ən üstün xətt kimi qəbul edilməlidir. Azərbaycan dəfələrlə regional və qlobal təhlükəsizliklə bağlı məsələlərdə daim ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini və fəaliyyətini bu istiqamətdə davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirib. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın müstəqil siyasət və iradə nümayiş etdirmək gücündə olduğunu göstərir. Bu, bir daha onu nümayiş etdirir ki, ölkəmizin xarici siyasəti heç bir halda hər hansı dövlətin maraqlarından asılı deyil. Bu siyasət yalnız Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğundur. İstənilən beynəlxalq güc qəbul etməlidir ki, bu prinsipi Azərbaycanın xarici siyasətinə və iradəsinə təsir etməklə dəyişmək mümkün deyil. Prezident İlham Əliyev hər hansı dövlətin deyil, yalnız xalqın və dövlətin maraqlarına uyğun siyasət yürüdür". (APA)

Oxşar xəbərlər