Bu barədə amerikalı analitik İrina Tsukerman ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, "xüsusi müşahidə siyahısı"na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib.
"Əfsuslar olsun ki, bu seçki ilində geniş erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Bu, ABŞ-nin hökumət məmurları, Dövlət Departamenti yanında dini etiqad azadlığının monitorinqi üzrə qruplarla daimi əlaqənin zəruriliyini vurğulayır", - deyə o, qeyd edib.
Tsukerman hətta ermənilərin "köməyi" olmadan da bu qrupların dini etiqad azadlığı barədə məruzələrin tərtib olunması qeyri-peşəkar yanaşmaları ilə bədnam olduqlarını qeyd edib.
"Misal üçün, Tramp administrasiyası dövründə bu konkret qrupa açıq-aşkar ön yarğıları olan və Azərbaycanda birbaşa iş təcrübəsi heç olmayan insanlar daxil idi. Bir dəfə onlar Dövlət Departamentinin dini etiqad azadlığına dair hesabatında Azərbaycan barədə "şiələrə qarşı ayrı-seçkiliyə" görə mənfi rəy bildiriblər. Görünür onlar Azərbaycanın şiə çoxluğu olan dövlət olduğunu bilmirdilər. Bu səviyyədə cahillik və peşəkar səriştəsizliklə daimi ayıqlıq və davamlı ünsiyyətdən başqa mübarizə üsulu yoxdur. Bu qruplardakı insanlar əsaslı və müstəqil qiymətləndirmə aparmaq üçün bu sahədə yetərincə biliyə sahib olmadığından, qərəzli uydurmalar onların yekun məhsullarına asanlıqla təsir göstərir ki, bu da Azərbaycanın "xüsusi müşahidə siyahısı"na daxil edilməsi və nüfuzuna xələl yetirilməsi kimi qəribə və absurd nəticələrə səbəb olur. Nəticə əlbəttə ki, təkcə hökumət səviyyəsində ABŞ ilə münasibətlərdə gərginlik deyil, həm də sosial dairələrdə dezinformasiyanın yayılması olur ki, bu da turist, investor və ya dini nümayəndə heyətlərini Azərbaycana gəlməkdən çəkindirə və Azərbaycanın imicinə, iqtisadiyyatına, münasibətlərinə, siyasi nüfuzuna və dünyadakı mövqeyinə zərər yetirə bilər", - analitik deyib.
O, qeyd edib ki, məmurların qeyri-hökumət təşkilatlarından əldə etdikləri informasiya ya münasibətdə lazımi ehtiyatlıq göstərmədikdə və qiymətləndirmələrini rahat tezislərə və ya yalnız məşhur təşkilatların birtərəfli hekayələrinə əsaslandırdıqda bu, son nəticədə bütün dünyada dini etiqad azadlığına əksinə maneə törədir və ABŞ-ni Azərbaycan kimi ölkələrlə birləşdirən bir çox zəngin əlaqələrdən maksimum səmərəli istifadəsini çətinləşdirir.
"ABŞ dini etiqad azadlığına ciddi yanaşır və bu yaxşıdır; problem məmurlarda və onların fəaliyyətindədir. Buna cavab verməyin yeganə üsulu bu anlayışa çağırış göndərmək, Dövlət Departamentinin nümayəndə heyətini Azərbaycana dəvət etmək onları müxtəlif dini icmalarla tanış etmək, əksini sübut etmələri üçün müxtəlif dini dairələrdən qonaqlar qəbul etmək və Dövlət Departamentinə aktiv şəkildə etibarlı məlumatlar və erməni lobbisinin ittihamlarına qarşı əsasl əks arqumentlər təqdim etməkdən ibarətdir", - deyə İrina Tsukerman əlavə edib. (Trend)