09.06.2025, 01:01
AZ EN
13.06.2024, 09:43 365

Ermənistan KTMT-dən çıxacağını rəsmən bəyan etdi

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını və bir daha təşkilata qayıtmayacağını bəyan edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Paşinyan dünən parlamentdə "Hökumət saatı"ndakı çıxışı zamanı müxalifətçi deputatın sualına cavab olaraq bildirib. O, qeyd edib ki, Ermənistanın KTMT-dən nə vaxt çıxacağı hələ müəyyən edilməyib: "Ermənistan lazım bildiyimiz zaman KTMT-dən çıxacaq. Ermənistanın keçmiş hakimiyyəti “köpük ittifaqı”na girdi və sonra məlum oldu ki, bu ittifaq Ermənistanı müdafiə etmir".

"Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, - deyə Ermənistanın Baş naziri əlavə edib.

Politoloq Asif Nərimanlı mövzunu şərh edərkən Paşinyanın dünənki çıxışını Ermənistanın KTMT-dən çıxacağının rəsmən elan olunması kimi dəyərləndirib: "Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi. Hərçənd, Paşinyanın açıqlamasından sonra özünün də dediyi kimi “geridönüşün olmayacağı” görünür".

Asif Nərimanlı Ermənistanın Baş nazirinin bu açıqlamanı parlamentdə müxalifətçi deputatların sərt ritorikalı suallarını cavablandırarkən səsləndirdiyinə də diqqət çəkib. Onun fikrincə, ABŞ dövlət katibinin müavini Ceyms Obraynın səfəri və Vaşinqton-İrəvan strateji dialoqunun keçirilməsindən sonra verilən bu bəyanatın arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır: "İstisna deyil ki, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yelunlaşdırmasını istəyib".

Siyasi şərhçi hesab edir ki, Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Onun fikrincə, Moskvanın bu reallıqla barışacağı sual altındadır: "Lakin Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Məsələn, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan Rusiyanın iqtisadi rıçaqlaran istifadə edəcəyi mümkün variantlardandır. Lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir. Bu isə Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir, o cümlədən, Ermənistan hakimiyyətinin ictimai rəydə anti-Rusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər".

Asif Nərimanlı Moskvanın Gümrüdəki bazasına təhlükə yaranmadığı müddətdə İrəvanla ehtiyatlı mövqeyini davam etdirəcəyini və buna paralel olaraq, bölgədəki mövqelərini qorumaq üçün Azərbaycanla daha sıx əməkdaşlıq edəcəyini düşünür.

Xatırladaq ki, Ermənistan hakimiyyəti may ayı üçün KTMT-ni maliyyələşdirməkdən imtina edib, ayın sonunda isə təşkilata daxil olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına öz nümayəndəsini göndərməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər