"Vətən səsi" xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində Moskvanın onsuz da ikitərəfli qaydada sülh danışıqlarına başlayan Bakı ilə İrəvanı barışdırmaq istədiyini, hətta iki qonşu ölkə arasında vasitəçiliyə hazır olduğunu bəyan edib: "Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atıldı. Moskva 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının iki raundlarına ev sahibliyi edib. Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”.
Bu arada Britaniyalı analitik, Karnegi Fondunun aparıcı tədqiqatçısı Tom de Vaal “Foreign Affairs” jurnalında dərc edilən məqaləsində Rusiyanın Cənubi Qafqaza təsirindən yazıb. O, Cənubi Qafqaz regionu əsrlər boyu Rusiya üçün strateji əhəmiyyətə malik region olduğunu qeyd edərək yazır ki, Sovet İttifaqının dağılmasından sonra Moskva yerli ərazi münaqişələrini manipulyasiya etməklə bölgədə öz təsirini saxlamağa çalışıb: "2022-ci ildə Ukraynada başlayan müharibə və Qərbin sanksiyaları Rusiyanı Qafqazla bağlı siyasətində dəyişməyə məcbur edib. Hazırda Rusiyanın cənubda biznes tərəfdaşlarına və ticarət yollarına ciddi ehtiyacı var”.
Tomas de Vaal vurğulayıb ki, 44 günlük müharibədən sonra Rusiya Qarabağda yaşayan erməniləri qorumaq məqsədilə sülhməramlı qüvvələrini münaqişə zonasına göndərməsəydi, Azərbaycan həmin əraziləri separatçılardan tamamilə təmizləyəcəkdi: “Lakin ötən ilin sentyabrında Azərbaycanın xüsusi təyinatlı qüvvələri Qarabağa daxil olanda Rusiya sülhməramlıları fəaliyyətsiz idi. Halbuki onlar regionda Rusiyanın təsirini proqnozlaşdırmaqla yanaşı, bəzi ermənilərin Qarabağa qayıtmasına da şərait yarada bilərdilər. Amma Rusiya sülhməramlıları regionu tərk etməklə Azərbaycan Qarabağda qazandığı qələbəni möhkəmləndirdi".
Britaniyalı analitik İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın Azərbaycana qarşı yeni strateji dönüşə başladığını da qeyd edir. Onun fikrincə, sülhməramlıların Qarabağdan çıxarılması Bakı ilə Moskva arasında tam razılaşmanın əsas tərkib hissəsidir: "Rusiya sülhməramlıları getdikdən cəmi beş gün sonra Əliyev Moskvaya getdi və orada iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə etdi. Danışıqlardan sonra Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Azərbaycan öz dəmir yolu infrastrukturunu modernləşdirəcək və bu, Rusiya ilə ticarəti əhəmiyyətli dərəcədə genişləndirəcək. Azərbaycanla ticarəti genişləndirmək və yeni ticarət yolları yaratmaq Ukraynadakı müharibənin yaratdığı iqtisadi boşluğu kompensasiya etməyə çalışan Rusiya üçün Qərblə yarışın bir hissəsidir”.
Tomas de Vaal yazır ki, 2020-ci ilin noyabrında Putin, Əliyev və Paşinyan üçtərəfli bəyanat imzalayanda Moskva “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı razılığa gəldiklərini düşünürdü. Çünki bəyanatda regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını tələb edən müddəa vardı və Ermənistan ərazisindən Naxçıvana gedən marşrut xüsusi qeyd edilirdi. Üstəlik, bu marşruta nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində olacaqdı. Lakin Ermənistan və Azərbaycan həmin marşrutun əməliyyat şərtləri ilə bağlı razılığa gələ bilmədi".
Məqalədə qeyd edilir ki, bölgədəki regional güclər - İran, Rusiya və Türkiyə Qərbin strateji təsirini azaltmaq üçün ortaq gündəliyə malikdirlər. Ermənistanı Qərbə yönəldən Paşinyan isə bir çox risklərlə üz-üzədir. Çünki Ermənistan iqtisadi və ticarət sarıdan Rusiyadan hədsiz dərəcədə asılıdır. Belə bir şəraitdə İrəvanın Bakı ilə mümkün müharibədən qaça bilməsi Qərb dövlətlərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, belə nizamlanmanı təmin etmək üçün nə dərəcədə siyasi və maliyyə resursları yatırmağa hazır olmasından asılıdır: "Hazırda Moskvanın bütövlükdə regiona münasibətdə nəzərə çarpan institusional siyasəti yoxdur. Ermənistan isə Rusiya ilə əlaqələri kəsməyə ən çox həvəslidir. Bütün bunlar Rusiyanın regionda davranışını son dərəcə gözlənilməz edir".
Yeri gəlmişkən, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə rəğmən Moskva hər vəchlə Azərbaycana təsir imkanlarını artırmağa və bütövlükdə Cənubi Qafqazı öz əlində saxlamağa çalışır. Mütəxəssislərin fikrincə, Rusiya Federasiya Şurasının komitə sədri Qriqori Karasinin Moskvanın Xankəndidə baş konsulluq açmaq niyyəti barədə bir neçə gün əvvəlki açıqlaması da həmin məqsədə xidmət edir.
Elxan SALAHOV