22.11.2024, 19:10
AZ EN
22.05.2024, 13:39 293

Fuad Hüseynəliyev: Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasına tam hazırdır

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasına, demək olar, tam hazırdır.

Bu fikri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 TV-də çıxışı zamanı deyib.

O qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi aktiv davam etdiyi üçün sülh danışıqları da xarici işlər nazirlərinin son görüşündən sonra aktivləşəcək:

“Yəqin ki, hazırda iki ölkənin Xarici İşlər nazirlikləri arasında hansısa formatda yazışmalar da aparılır. Həm də Ermənistanda baş verən proseslər - azsaylı etiraz aksiyaları göstərdi ki, erməni keşiş Baqrat Qalstyan narazı qüvvələri öz ətrafında birləşdirə bilmədi. Orada köhnə hakimiyyətin nümayəndələrinin iştirakı və sair məqamlar erməni ictimaiyyətini etirazlardan çəkindirdi.

Bütün bunları nəzərə alaraq, Nikol Paşinyan sülh prosesini bitirmək istəyir. Nikol sərhədləri tam müəyyənləşdirib, sonradan yeni bir mərhələyə - əməkdaşlıq, nəqliyyat-kommunikasiyanın açılması, Türkiyə ilə əlaqələrin düzəldilməsi və digər proseslərə nəfəs vermək istəyir”.

F. Hüseynəliyevin sözlərinə görə, Baqrat Qalstyan bütün davranışları və hərəkətləri ilə göstərir ki, Ermənistanda hakimiyyətə özü gəlmək istəyir:

“Bu isə çətin məsələdir. Çünki Baqrat keşişdir, siyasi təcrübəsi yoxdur, həm də Ermənistanda kilsənin siyasi proseslərə açıq formada qarışmaq praktikası olmayıb. Keşişlər ölkənin siyasi həyatında müəyyən rol oynayıblar, amma bu da heç vaxt sülhə yönəlik olmayıb. İndiki dönəm erməni kilsəsinin siyasətdə ən aktiv fəaliyyət dövrüdür. Ermənistan parlamentinin spikeri Alen Simonyan da demişdi ki, siyasət ticarətdir, kilsə isə ticarətlə məşğul olmamalıdır. O eyham vururdu ki, Baqrat özü Ermənistan hakimiyyətinə gəlmək niyyətindədir.

Erməni cəmiyyəti keşişin arxasında duran Sarqsyan, Koçaryan kimi şəxslərin ətrafında qətiyyən birləşməyəcək. Çünki bilirlər ki, bu “Qarabağ klanı” deyilən qüvvələr Ermənistana bəlalar gətirib”.

“Report”un direktoru onu da vurğulayıb ki, Ermənistanda cərəyan edən proseslərin istiqaməti kəskin şəkildə dəyişə də bilər:

“Heç bir ehtimalı kənara ata bilmərik. Kənar qüvvələrin müdaxiləsi ilə Ermənistanda vəziyyət 180 dərəcə dəyişə bilər. Hələ ki hər şey Ermənistan hakimiyyətinin planlarına uyğun davam edir. Ermənistan hakimiyyəti rahat şəkildə Azərbaycanla delimitasiyanı, sülh prosesini davam etdirir. Onlar tələsirlər ki, bütün prosesləri bitirsinlər. Sülh bağlanıb, sərhədlər müəyyənləşəndən sonra Paşinyana qarşı ittihamlar da ortadan qalxacaq. Bütün dünya sülhü tanıyacaq, proses bitəcək”.

Ermənistan cəmiyyətinin kilsənin hakimiyyətə gəlməsini heç cür qəbul etməyəcəyini diqqətə çatdıran F. Hüseynəliyevin fikrincə, Sarqsyan və Koçaryanın Baqratın arxasında dayanması onun maraqlarına ziddir:

“Keşiş hələ bunu anlamayıb. Düşünür ki, Azərbaycanla münasibətləri əsas tezis kimi istifadə edərək, revanşist qüvvələri ətrafında birləşdirib çevriliş edə bilər. Amma Ermənistan cəmiyyəti kilsənin və keşişin ölkəyə rəhbərlik etməsini qəbul etməyəcək. Sarqsyan-Koçaryan cütlüyünün kilsəni dəstəkləməsi böyük etiraz aksiyalarına gətirib çıxarmayacaq. Xarici qüvvələrin müdaxiləsi olmasa, Ermənistanda etirazlar get-gedə səngiyib, heçə enəcək”. (Report)

Oxşar xəbərlər