22.11.2024, 21:11
AZ EN
13.05.2024, 11:43 274

Deputat: Şuşa Zəfər tariximizdə dünyaya iradəmizi nümayiş etdirdiyimiz simvola çevrildi

XƏBƏRLƏR
  • Cari ilin 10 may tarixində Azərbaycan tarixinin incisi və təkcə Şuşalılar yox, hər bir azərbaycanlı üçün doğma olan Şuşamızda növbəti dəfə “Xarıbülbül” festivalı baş tutdu.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, festivalın 10 may tarixində baş tutmasının digər bir mühüm mənası var: “Festival Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə, onun hər zaman azad görməyi arzuladığı gözəl Şuşada keçirildi. Bizim bütövlükdə Zəfər tariximizin hər anında Ulu Öndərin irsi özünü göstərib və bundan sonrakı inkişaf yolumuzda hər zaman göstərəcək. Çünki Prezident İlham Əliyevin xüsusilə vurğuladığı kimi, biz Ulu Öndərin fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoyduq. Müstəqilliyimizin bərpa edildiyi dövrdən etibarən elə təlatümlü hadisələrlə qarşılaşdıq ki, nə siyasi, iqtisadi, hərbi, nə də sosial, mədəni inkişaf və sabitlikdən əsər-əlamət yox idi. Bu hal isə ilk növbədə Azərbaycanı sevməyən, Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyən qüvvələrin maraqlarına xidmət etməkdə idi. Lakin Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycançılıq məfkurəsi bugün təkcə Azərbaycan Respublikası vətəndaşlarının yox, eləcə də özünü əsli-kökü ilə, zəngin tarixi ilə azərbaycanlı hesab edən hər bir kəsin kimliyinin, eləcə də şəxsiyyətinin mühüm parçasına çevrilib”.

Naqif Həmzəyev vurğulayıb ki, Şuşa bizim zəfər tariximizdə nəinki düşmənə, eləcə də bütün dünyaya gücümüzü, iradəmizi nümayiş etdirdiyimiz simvola çevrildi: “Şuşada çıxışı zamanı Prezident xüsusilə gənclərin roluna diqqət çəkdi. Həqiqətən də hərbi əməliyyatlarda gənclərin əvəzsiz rolu olub, onlar heç görmədikləri torpaqlar uğrunda bir saniyə belə düşünmədən ölümü gözə alıblar. Bunun 2 mühüm səbəbi var. İlk növbədə Azərbaycan ordusu əsgərindən generalına kimi Ali Baş Komandanına inanır və onun bütün əmrlərini, xüsusilə də “İrəli” əmrini yerinə yetirmək üçün səbrsizliklə gözləyirdi. İkinci səbəb isə bizim öz tarixi torpaqlarımızla aramızdaki görünməz, amma, qırılmaz bağlardı. Yəni, o torpaqları görməsək də, bizə aid olduğunu bilməyimiz bizə yetərdi. Festivalın keçirildiyi Şuşa özünün füsunkar təbiəti ilə hər kəsi valeh edərkən, qonaqların xüsusilə maraqlandığı digər amil ordumuzun qalxdığı qayalıq yollardır. Heç bir ağla, təsəvvürə sığmayan, hətta erməni kimi hiyləgər düşmənin belə heç bir zaman təsəvvürünə gətirmədiyi bir plan idi bu. Şuşa haqqında Prezident bir mühüm detalı da vurğuladı. Prezident bildirdi ki, ermənilər Şuşanı hər nə qədər erməniləşdirməyə çalışsalar da buna nail ola bilmədilər. Ermənistan bu gün əzəli Azərbaycan torpaqları olan, hazırda Ermənistan sərhədləri daxilindəki tarixi izlərimizi yer üzündən silərək, özünün qondarma tarixini yaratmağa çalışır. Eləcə də, işğaldan azad edilmiş torpaqlarımızda tarixi abidələri dağıdır, üzərlərini saxta yazılarla bəzəməyə çalışırdılar ki, guya erməni tarixinin hansısa dövrünə məxsusdur: məsələn, Azıx mağarasındakı gülünc oyunlarını xatırlatmaq istərdim. Hətta müəyyən məbləğ qarşılığında əhalinin köçürülməsini belə təşkil etsələr də, heç bir zaman bu torpaqlarda dövlətləşə bilmədilər. Çünki Ermənistanı bu torpaqlara bağlayan heç bir bağ yoxdur. Müasir Azərbaycan isə öz müstəqillik tarixinin ən güclü Azərbaycanıdır və heç bir kənar iradə bizi nəyəsə məcbur edə bilməz. Azərbaycan xalqı, Azərbaycan ordusu öz liderinə inanır və dünya artıq dəfələrlə şahidlik etdi ki, İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir”. (APA)

Oxşar xəbərlər