"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. O, qeyd edib ki, Ermənistan hökuməti də sülh müqaviləsini daha tez bağlamaq üçün əlindən gələni edir. Həmçinin Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasını təmin etmək üçün mümkün olan variantlar nəzərdən keçirilir.
Vitse-spiker bu yaxınlarda İstanbulda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşdüyünü də xatırladıb: “İndi sülh müqaviləsinin imzalanmasının mümkün olmasına cəhd edilir və bu istiqamətdə hər şeyi edirik”.
“Sülh danışıqlarının hansısa mərhələsində vasitəçiyə ehtiyac ola bilərmi” sualına erməni vitse-spiker belə cavab verib: “Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik hər şey belə gedir”.
Rubinyan Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların reqlamentinin ratifikasiyası məsələsində tələsdiyi ilə bağlı erməni ictimaiyyətində dolaşan xəbərlərə də münasibət bildirib. O, deyib ki, tərəflər arasında yaranmış münasibətlərin real nəticələrə gətirib çıxarması üçün mümkün olan addımların atılması vacibdir: “İndi Elə bir şərait yaranıb ki, Ermənistan və Azərbaycan nümayəndələri heç bir vasitəçi olmadan məsələri təkbətək müzakirə edə bilir. Ona görə də sülh naminə tələsməkdə qəbahətli heç nə yoxdur. Əgər sülhə doğru irəliləyiş varsa, yaxşı bir şeyin tez baş verməsi üçün niyə tələsməməliyik?".
Xatırladaq ki,noyabrda keçiriləcək seçkilərdən sonra postunu təhvil verəcək ABŞ lideri Azərbaycan prezidentinə göndərdiyi məktubda bu ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalamağa çağırıb. Məktubda sülh prosesinin ərazi bütövlüyü çərçivəsində həllinə dair xüsusi mesajlar da yer alıb. ABŞ Dövlət Departamenti mövcud diplomatik, siyasi imkanlardan maksimum istifadə etməklə bu hədəfinə nail olmağa çalışır. Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin əsas missiyası bununla bağlı idi. Karpenter Bakıda Prezident İlham Əliyevlə yanaşı Xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb.
Elxan SALAHOV