Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti savaşda məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ Müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir.
"Vətən səsi" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ də formalaşdıra bilməyib: “Ermənistan ordusu yerində sayarkən, Azərbaycan ordusu modernləşir, yeni qoşun növləri formalaşır, Türkiyə standartları mənimsənilir və alınan yeni hərbi texnika ilə zənginləşir. Ermənistanın hərbi xərcləri 4,1 faizdən 5,5 faizə qədər artırılıb. Əgər Ermənistan 2022-ci ildə hərbi xərclərə büdcədən 795 milyon dollar ayırmışdısa, 2023-cü ildə bu rəqəm 1 milyard 330 milyon dollara çatıb. Ancaq erməni ekspertləri artan rəqəmin ordunun ehtiyaclarını ödəmədiyi qənaətindədir".
Ekspert hesab edir ki, Ermənistan hökumətinin Fransa və Hindistandan aldığı silahlar ordunun hərbi texnikaya olan ehtiyacının çox cüzi hissəsini təmin edir və alınan hərbi texnika ümumi konsepsiyanın tərkib hissəsi deyil: "Yəni Fransa və Hindistan Ermənistana nə təklif edirlərsə, İrəvan onları alır. Başqa sözlə, Ermənistan istədiyini deyil, təklif ediləni almaq məcburiyyətindədir. Halbuki Ermənistan ordusu üçün müxtəlif dövlətlərdən alınan eyniadlı hərbi texnikaların bir-biri ilə inteqrasiyası da ciddi suallar doğurur".
Elxan Şahinoğlu bildirib ki, Paşinyan mövcud durumu dəyişmək iqtidarında deyil və o, zamanla mübarizə aparır. Onun fikrincə, erməni Baş nazir növbəti müharibənin Ermənistan ordusundakı çatışmazlıqları bir daha büruzə verəcəyi qənaətindədir: "Paşinyan İkinci Qarabağ Müharibəsindəki məğlubiyyəti Ermənistanın keçmiş rəhbərlərinin yarıtmaz fəaliyyəti ilə əlaqələndirmişdi. Paşinyan məhz keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ordu üçün gərəkli hərbi texnika almadığını, alınanların isə işə yaramadığını vurğulamışdı. Müharibədən üç il yarım keçib və Paşinyan bundan sonra ordudakı vəziyyətə görə artıq keçmiş rəhbərliyi ittiham edə bilməz. Ermənistan Rusiyadan silah vər hərbi texnika alışını xeyli azaldıb. Paşinyan silahı və hərbi texnikanı Rusiyanın əvəzinə Qərb ölkələrindən alacağına ümid edirdi. Ancaq Fransa xaricində Qərb ölkələrindən Ermənistana hələ ki, silah və hərbi texnika satan yoxdur”.
Siyasi şərhçi onu da bildirib ki, Ermənistan hökuməti hərbi xərcləri artırarkən sosial xərcləri azaltmaq məcburiyyətində qalacaq: “Bu isə Ermənistanda narazılığın artmasına səbəb olacaq. Ona görə də, bu vəziyyətdən yeganə çıxış yolu İrəvanın Bakı ilə dialoqu genişləndirməsi və razılaşmaların sayını artırmaqdır. Ermənistanın Azərbaycanla sülh əldə etməsi qonşu ölkənin onsuz da kasad olan büdcəsinin hərbi xərclərini artırmaqdan xilas edə bilər”.
Elxan SALAHOV