Bu fikirləri açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib. Ekspert əlavə edib: “Digər tərəfdən, Fransa diplomatiyasının təşəbbüsü ilə faktiki olaraq diplomatik nümayəndəliyin səviyyəsinin azaldılması müşahidə olunur ki, bunun bariz əlamətlərini səfirin geri çağırılmasında görmək olar. Yəni Fransa bu cür hərəkətləri ilə regionda özünün təsir alətlərini məhdudlaşdırır. Təsir ikitərəfli təmasların intensivləşdirilməsi, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, həm siyasi dialoq, həm də iqtisadi baxımdan bir sıra sahələrdə birgə addımların atılması ilə həyata keçirilir”.
Politoloqun fikrincə, Fransa öz fəaliyyəti və açıq şəkildə ermənipərəst mövqeyi ilə regionda təsir rıçaqlarını məhdudlaşdırır. O əlavə edib: “Təsir bu və ya digər ölkəni sıxışdırmaqla, hansısa təzyiq göstərmək yolu ilə həyata keçirilmir. Adətən, bu təcrübə əks effekt verir. Yumşaq güc alətlərini tətbiq etməklə təsir edə bilərsiniz. Fransanın bizim regionda Makronun dövründə hansı yumşaq gücdən istifadə etdiyini, əlbəttə ki, hamımız çox yaxşı görürük. Bütün bunlar Fransa diplomatiyasının aşağı səviyyəsinin, tamamilə savadsız yanaşmasının sübutudur. Üstəlik, bu yöndəmsiz xarici siyasət xətti ən primitiv alətlər səviyyəsində həyata keçirilir. Bu, təkcə bizim regionda deyil, Qərbi Afrika və Yaxın Şərqdə də baş verir. Ona görə də bu siyasətin nəticələri onun səmərəsiz olduğunu açıq şəkildə göstərir”.
İ.Vəlizadə bu nəticələrin acınacaqlı olduğunu qeyd edib: “Fransa Afrikadan qovulub, Parisin son dərəcə aşağı nüfuzu bu gün Yaxın Şərqdə, Azərbaycanda, ərəb dünyası ölkələrində, Cənubi Qafqaz regionunda, Avropada görünür. Bu, ölkənin idarəçiliyinə uzaqgörən olmayan insanların gəlməsinin və əvvəlki nəsillərin diplomatik səylərinin bəhrəsinin yox edilməsinin nəticəsidir”. (AZERTAC)