"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistandakı mövcud siyasi rejimə müxalif mövqeyi ilə seçilən “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da "Tavuş vilayətinə bitişik Azərbaycan kəndlərini" sahibinə qaytarmağa hazır olduqlarını təsdiqləyib. Onun sözlərinə görə, bu kəndlər Ermənistan ərazisində yerləşmir, 1992-94-cü illər müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib.
"Artıq Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan edib: Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndləri Azərbaycana təhvil veriləcək. Paşinyan son mətbuat konfransında Tavuş vilayətinə bitişik Azərbaycan” kəndlərini sahibinə verməyə hazır olduqlarını təsdiqləyib. Onun sözlərinə görə, bu kəndlər Ermənistan ərazisində yerləşmir, 1992-94-cü illər müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib. Təsadüfi deyil ki, Paşinyan delimitasiya prosesinin də Tavuşdan başlayacağını bəyan edib”, - nəşr yazır.
“Hraparak” 10 noyabr bəyanatının ilkin versiyasında Qazaxın 7 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı bəndin olduğunu da xatırladıb. Qeyd olunur ki, İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin mətbuatda dərc olunan 10 noyabr bəyanatının ilkin versiyasında Ermənistan silahlı qüvvələrinin Qazaxın 7 yaşayış məntəqəsindən də geri çəkilməli olduğu açıq-aydın göstərilib: "Həmin bəndə görə, ərazilər 1991-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Söhbət Yuxar Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı və Sofulu kəndlərindən gedir. Qısa müddətdən sonra rəsmi olaraq dərc edilən bəyanatın bu maddəsi barədə heç bir söz açılmadı. Amma sonra Nikol Paşinyan Qazax rayonunun kəndlərinin təhvil verilməsini nəzərdə tutan başqa bir sənədi imzaladı. Bu gün artıq ilkin mərhələdə 4 kəndin – Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli və Qızılhacılının təhvil verilməsindən danışılır. Bundan sonra anklavlar məsələsi (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) gündəmə gələcək".
Xatırladaq ki, Ermənistanın Baş naziri parlamentdəki qapalı görüşündə ilkin olaraq Azərbaycan tərəfinə geri qaytarılacaq 4 kənddən danışarkən belə deyib: "Tavuşun kəndlərinin Azərbaycana verilməsindən söhbət belə getməyib və gedə də bilməz. Bununla da, o, etiraf edib ki, həmin kəndlərin Ermənistanın Tavuş rayonuna aidiyyatı yoxdur”.
Politoloq Zaur Məmmədov mövzunu şərh edərkən deyib ki, Paşinyan ilkin mərhələdə 4 kəndin qaytarılacağını bilir və o, özü bilərəkdən bu cür fikirlər səsləndirib: "O, indidən özünü sığortalayaraq kəndlərin Ermənistana aid olmadığını qeyd edir. Təbii ki, həmişə olduğu kimi ilk baxışdan başa düşülməyən cümlələri calaşdırmasıyla. Sanki Paşinyan heç bir kəndi Azərbaycana qaytarmağa hazırlaşmır. Əslində isə həmin kəndləri təhvil verməyə hazırlaşırlar”.
Elxan SALAHOV