"Vətən səsi" xəbər verir ki, bu barədə “Tert Armenia” Qarabağdan Ermənistana köçən ermənilərə istinadən məlumat yayıb. Nəşr yazır ki, ermənilər onlara verilən pasportlarda doğum yeri hissəsinə “artsax” yazılmasını gözləyiblər. Lakin yeni sənəddə doğulduqları ölkə hissəsinə "Azərbaycan" yazılıb və onlar Ermənistan Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı idarələrinin beynəlxalq qanunlara uyğun bu addımı ilə razılaşmaq məcburiyyətində qalıb.
Nəşr məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə sorğu ünvanlayaraq Qarabağda doğulmuş ermənilərin pasport sənədlərində belə yazılmasının səbəbini aydınlaşdırıb. Nazirlik isə sorğuya cavabında bəyan edib ki, şəxsiyyəti təsdiq edən sənədlərdə məlumatların qeydi beynəlxalq standartlara uyğun həyata keçirilir: "Müasir texnologiya ilə oxuna bilən şəxsiyyət/səyahət sənədlərinin verilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9.303 standartı ilə tənzimlənir. Yəni, pasportlarda vətəndaşın doğum yeri beynəlxalq coğrafi vahidlərə görə müəyyən edilir. Beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı məlumat vətəndaşa sərhəd-keçid məntəqəsində problem yaradır”.
Ermənistan Daxili İşlər Nazirliyindən o da bildirilib ki, bundan əvvəl pasportlarında qondarma “artsax”ın adının qeyd olunduğu şəxslərlə bağlı Ermənistan Miqrasiya Xidmətində bir çox ölkələrdən şikayətlər daxil olub. Şikayətlərdə Qarabağda doğulmuş və orada yaşamış ermənilərin bəzilərinin pasportunda doğulduğu ölkə qrafasında yazılmış "artsax" adının beynəlxalq səviyyədə tanınmadığı bildirilib.
Xatırladaq ki, Ermənistan 2022-ci ildə rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və sənəd imzalayıb.
Elxan SALAHOV