Dərin köklərə malik iki ölkə eyni mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdilər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Qarşılıqlı rəsmi səfərlər və razılaşdırılan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin meydana çıxdığına əsas verir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan istər ikili münasibətlər, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır. Bütün məsələlərdə bir-birilərini səmimi dəstəkləyirlər.
Onlar yeni yaranmış Türk Dövlətləri Təşkilatı müstəvisində də ortaq mövqedən çıxış edir, Türk dünyasının birliyi üçün davamlı məsləhətləşmələr aparırlar. Qazaxıstanın regiondan sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə etməsi ölkəmiz tərəfindən hər zaman müsbət qiymətləndirilib və bu faktlar Qazaxıstanla dostluq, qardaşlıq münasibətlərinin gözəl gələcəyinə inamı artırır.
Milli Məclisin deputatı Mahir Abbasov məsələ ilə bağlı açıqlamasında bildirib ki, münasibətlərin son vaxtlar Türk Dövlətləri Təşkilatında Azərbaycanla Qazaxıstan arasında olan münasibətlərin inkişafında görürük: “Bu Təşkilatın yaranmasında və formalaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım Comarto Tokayevin çox xüsusi bir xidməti var. Bu xidmət ondan ibarətdir ki, biz gələcəkdə bir yerdə çalışmaq, işləmək, xüsusilə Türk Dövlətləri Təşkilatının formalaşması, onun dünyaya inteqrasiya etməsi, iqtisadi, siyasi, mədəni və eyni zamanda hərbi münasibətlərin yaxşılaşdırılması nöqteyi-nəzərdən Azərbaycan-Qazaxıstan münasibətlərinin formalaşması vacibdir”.
Qazaxıstan prezidentinin ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurman Qazı adına “Uşaq yaradıcılığı” mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etməsi iki xalq arasındakı gözəl dostluq münasibətlərini simvoizə edir.
Millət vəkili daha sonra əlavə edib ki, digər bir məqam isə Qazaxıstan Respublikasının bizim həm İkinci Qarabağ müharibəsindəki verdiyi dəstək, digər bir tərəfdən isə işğaldan azad olunmuş ərazilər, xüsusilə də Qarabağ və Şərqi Zəngəzuru inkişaf etdirərkən Qazaxıstan dövlətinin dost, qardaş köməyini xüsusilə qeyd etməliyik: “Təbii ki, bu münasibətlər indiyə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respubliaksının Prezidenti K.C.Tokayevin qardaşlıq və dostluq münasibətləri çərçivəsində apardığı siyasətin bir qardaşlıq göstəricisidir. Hesab edirik ki, bu münasibətlər bundan sonra da davam edəcək. Çünki biz Türk Dövlətləri Təşkilatının üzvlərinə baxanda görürük ki, burada Qazaxıstan və Azərbaycan həlledici rol oynamaqdadır və təbii ki, bu münasibətlər inkişaf etdikcə bir tərəfdən Qazaxıstan-Azərbaycan münasibətləri inkişaf edir bütün sahələrdə, digər bir səbəb isə xüsusilə Türk dövlətlərinin yaranması və inkişaf etməsi nöqteyi-nəzərdən bu münasibətlərin inkişaf etdirilməsi çox vacib məqamlardandır”.
Bütün bu amillər soykök və ortaq tarixi mədəni əlaqələr müstəviində ölkələrimiz və xalqlarımız arasında yüksək münasibətin olmasının bariz nümunəsi kimi də dəyərləndirilir. Biz inanırıq ki, yaxın gələcəkdə də Qazaxıstanla Azərbaycan arasında həm güclü strateji, həm də müttəfiqlik əlaqələri yaradılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ