"Vətən səsi" xəbər verir ki, məlumatda “erməni ərazisi” olduğu iddia edilən Azərbaycan kəndlərinin adları qeyd olunur.
Yeri gəlmişkən, Ermənistanın baş nazir Nikol Paşinyan iki həftə əvvəl iddia etmişdi ki, guya, 31 erməni kəndinin əhəmiyyətli əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətindədir. Əslində isə Paşinyanın söylədikləri gülünc iddialardır və onun nəzərdə tutduğu ərazilər bütünlüklə Azərbaycan kəndləridir. Belə ki, ümumi ərazisi 170 kvadratkilometr olan həmin kəndlər Zəngəzur, Qazax və Göyçə istiqamətində Azərbaycana məxsus olan ərazilərdir.
Bu ərazilərin “erməni kəndi” olması iddiası Ermənistanın növbəti yalanıdır. Söhbət 44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi nəticəsində ordumuzun nəzarətinə keçən ərazilərdən gedir. Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində “erməni ərazisinə” çevrilmişdi. Rəsmi İrəvan istəyir ki, sərhəddə “güzgü prinsipi” tətbiq edilsin, qoşunlar geri çəkilsin. Buna görə də “31 erməni kəndinin” Azərbaycanın nəzarətində olduğunu iddia edərək, qoşunların geri çəkilməsinə nail olmaq istəyirlər.
Ermənistanın 31 kəndə iddiası ilə bağlı hazırlanmış xəritəni yaydığı məlumatin və 170 kvadratkilometr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb və belə bir xəritə də paylaşıblar".
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Ermənistanın 31 kəndə iddiası ilə bağlı xəritəni özünün sosial media hesabında paylaşaraq qeyd edib ki, rəsmi İrəvan bu uydurmaları ilə sülh prosesinə zərbə vurmağı hədəfləyir. Onun fikrincə, Ermənistanın ərazi iddiaları ilə konkret olaraq nəyi hədəflədiyi aydınlaşmalıdır: "Bunu anlamaq üçün iki mühüm məqama diqqət yetirilməlidir. Birincisi,Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib. Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir. İkincisi, niyə 31 kənd məsələsi ortalığa atılır? Məqsəd aydındır: Qazaxın 7 kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq".
Əziz Əlibəyli bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra GPS ilə müəyyənləşən yeni postlarımızın yerləşdiyi bəzi zonalarda erməni kəndi var. Buraya Cermux, Qafan aeroportu kimi nümunələr də aiddir: "Çünki faktiki sərhədin olmamasından yararlanaraq Azərbaycan torpaqlarından öz əraziləri kimi istifadə ediblər. İndi isə torpağın sahibi gəlib və erməni yalanları yenidən işə salınır, dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb".
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında 31 kəndlə bağlı söylədiyi iddialara Azərbaycan Xarici İşlər Nazirliyi elə həmin günlərdə cavab vermişdi. Bildrilirdi ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya, Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir: "Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur. Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı".
Elxan SALAHOV