24.12.2024, 07:04
AZ EN
04.03.2024, 20:50 259

Unikal Azərbaycan: neft-qaz ölkəsi necə yaşıl keçid liderinə çevrildi

XƏBƏRLƏR
  • Bütün dünyada insanlar anlamağa başlayıb ki, iqtisadiyyatlarımızın və planetin gələcəyi ekoloji cəhətdən təmiz metodların tətbiqindən asılıdır. Ötən il CO2 tullantılarının qlobal artımı iqtisadi artımla müqayisədə xeyli zəif olub. Bu, bir çox baxımdan bizim daha çox təmiz enerjiyə meylli olmağımızla əlaqəlidir. Uzun illər ərzində neft və qaz resurslarına arxalanan ölkə olaraq Azərbaycan indi "yaşıl" iqtisadiyyata keçidi necə həyata keçirməyi öz nümunəsində nümayiş etdirir.

Azərbaycanın bütün ölkədə "yaşıl" texnologiyaları geniş şəkildə tətbiq etməyə başlamasının üzərindən cəmi bir neçə il ötüb. Qarabağ və Zəngəzur iqtisadi rayonları kimi geniş ərazilər təmiz enerji zonaları elan edilib. Ölkə artıq bu sahədə mühüm nailiyyətlər nümayiş etdirir. Azərbaycan bütün bunu öz tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirərək, Avropanın təqribən üçdə birini qazla təmin edərək edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində haqlı olaraq qeyd edib ki, məhz neft və qaz resursları ilə zəngin ölkələr "yaşıl" enerjiyə keçiddə ön sıralarda olmalıdır.

"Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik", - deyə dövlət başçısı bildirib.

Azərbaycan bu il COP29 konfransına ev sahibliyi etməklə birincisi, ölkənin bu irimiqyaslı qlobal tədbiri keçirmək üçün digər ölkələrin etimadını qazandığını sübut etmək, ikincisi isə özünün uğurla həyata keçirilən strategiyasını hamı ilə bölüşmək üçün şans əldə edir.

Avropanın enerji landşaftı o cümlədən, Azərbaycan sayəsində sürətlə dəyişir. Əminliklə demək olar ki, bu qədər qısa zaman müddətində bu cür irimiqyaslı layihələrin icrası çox nadir hadisədir. Əlbəttə ki, söhbət Cənub Qaz Dəhlizi (CQD)layihəsindən gedir.

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və iclası keçirilib. İclasda aparıcı enerji şirkətləri, Avropanın ən böyük ölkələrinin enerji qurumlarının rəhbərləri, Mərkəzi Asiya və ərəb dünyasından bir çox tərəfdaşlar və digərləri iştirak ediblər. Onlar Cənub Qaz Dəhlizi layihəsinin əsas təşəbbüskarı, Prezident İlham Əliyevdən Azərbaycanın enerji sektorundakı innovasiya və uğurlarına dair informasiya əldə etmək üçün bir masa arxasına toplaşmışdılar.

"Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük", - deyə dövlət başçısı tədbir iştirakçılarına müraciətində bildirib.

Bütün tədbir iştirakçıları Azərbaycana minnətdarlıq edərək ölkənin regionun enerji təhlükəsizliyindəki mühüm töhfəsini yüksək qiymətləndirib. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson aydın şəkildə bildirib ki, söhbət etibarlı təbii qaz tədarükündən gedirsə, Avropa Azərbaycana arxalana bilər. O qeyd edib ki, üç ildən bir qədər əvvəl Cənub Qaz Dəhlizi ilə qaz tədarük olunmağa başlayandan ixrac ikiqat artıb. Təkcə 2023-cü ildə Azərbaycan Avropa ölkələrinə 11 milyard kubmetrdən çox qaz tədarük edib.

Albaniya, Yunanıstan, Bolqarıstan, İtaliya, Sloveniya, Gürcüstan və Türkiyə nümayəndələri də CQD layihəsinin təşviqinə tərəfdar olduqlarını təsdiqlədilər. Onlar Azərbaycandan təbii qaz tədarükünü artırmaqda tam qətiyyətli olduqlarını bildirərək layihənin gələcək inkişafına öz qətiyyətli dəstəklərini vurğuladılar. Bu ölkələr öz tərəflərindən təqdirəlayiq fəaliyyət göstərirlər. Misal üçün, Yunanıstan Cənub Qaz Dəhlizinin Avropa sahəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) buraxılış qabiliyyətinin genişləndirilməsi üzərində çalışır. Ölkə ixrac infrastrukturunun müasirləşdirilməsi üzrə yeni layihələr işə salır. Bunlara misal olaraq Aleksandrupolisdə maye təbii qaz istehsal edən zavodun işlə salınmasını və Bolqarıstanla Şimali Makedoniyanı birləşdirən boru kəmərlərini göstərmək olar. Digər misal olaraq, 2023-cü ilinin sonunda istismara verilmiş Serbiya-Bolqarıstan interkonnektoru sayəsində yaxın illərdə Azərbaycan qazının idxalını üçqat artırmağa çalışan Serbiyadır.

Xəzər dənizinin tədarükləri əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət qədər resurslara malik olmadığını hesab edənlər üçün Bakının layiqli cavabı var. Gələn ilin ilk rübündən başlayaraq dərinsulu "Azəri-Çıraq-Günəşli" layihəsində təbii qaz hasilatı başlayacaq. Başlanğıc mərhələdə yarım milyard kubmetrə yaxın qazın hasil ediləcəyi gözlənilir, növbəti bir neçə il ərzində isə bu rəqəm təqribən beş dəfə arta bilər. Bu, "Şahdəniz" və "Abşeron" yataqları ilə yanaşı əlavə qaz mənbəyi olacaq. Azərbaycan həmçinin, "Ümid" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinə hazırlaşır və ola bilsin ki, növbəti 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əlavə etməli olacaq. Bundan başqa, bir neçə əcnəbi investor tərəfindən "Ümid", "Babək", "Şəfəq", "Asiman" və "Qarabağ" neft və qaz-kondensat yataqlarından hasilata başlamaq təklifləri var.

Bundan başqa, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Azərbaycanın bərpa olunan enerji sahəsində layihələri möhtəşəm irəliləyiş nümayiş etdirib. 2023-cü ilin fevral ayında Bakıda keçirilən son iclasdan sonra oktyabr ayında Azərbaycan bərpa olunan enerji mənbələri (BEM) sahəsində nəhəng "Masdar" şirkəti ilə birgə layihə çərçivəsində özünün 230 MVt gücündə ilk ən böyük günəş elektrik stansiyasını təqdim edib. Bu, Azərbaycanın bərpa olunan enerji mənbələrinin mənimsənilməsi üzrə yolunun yalnız başlanğıcıdır. İmzalanmış sazişə və Anlaşma Memorandumlarına əsasən, ölkə 2030-cu ilədək 5 qiqavatta qədər günəş və kükək enerjisini istismara verməyə çalışır.

İclasın yekunlarına əsasən, bir sıra perspektiv sazişlər imzalanıb. "Nobel Energy" ilə 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə və "Elecnor" ilə 70 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə sazişi əks etdirən "WindEurope" memorandumunu bunlara misal olaarq göstərmək olar.

"Yaşıl" enerjinin inkişafı iqlim dəyişikliyi ilə mübarizənin mühüm hissəsidir. Bu kontekstdə bu il COP29 konfransına ev sahibliyi edəcək Azərbaycan ənənəvi neft-qaz ölkəsinin necə öz gündəliyini dəyişə biləcəyini nümayiş etdirmək imkanı qazanacaq. Bütün tədbir iştirakçıları həmçinin, yekdilliklə COP29-un keçirilməsində Azərbaycana dəstəklərini ifadə etdilər.

"Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək", - deyə Prezident İlham ƏIiyev "Euronews" televiziyasına müsahibəsində bildirib.

Həqiqətən, Bakı ölkədə "yaşıl enerjinin inkişafı üçün hər bir lazımi şəraitin olmasını nəzərə alaraq öz qarşısında iddialı, lakin tamamilə mümkün hədəflər qoyur. Artıq günəş və külək elektrik stansiyaları inşa edilib və onların tikintisi davam edir, həmçinin "yaşıl" enerji, o cümlədən hidrogen istehsalı və ixracı üçün imkanların yaradılması üzrə işlər görülür. Beləliklə, bu il Azərbaycan COP29-a ev sahibliyi edəcəyindən, bu, ənənəvi və bərpa olunan enerji mənbələrinin uğurlu vəhdətinin parlaq nümunəsi olmalıdır. Bu nümunə zəngin neft və qaz resursları ilə zəngin ölkələr üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. (Trend)

Oxşar xəbərlər