Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanlar arasında münasibətlərin önəmini diqqətə çatdıran spiker Sahibə Qafarova özünün 2023-cü ilin iyununda Avstriyaya rəsmi səfərini, səfər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı qanunverici orqanlarımızın dostluq qrupları arasında təmasların sıxlaşdırılması, parlament komitələri arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüşdə bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu söyləyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra təzyiqlərlə üzləşib ki, bu da ikili standartların bariz nümunəsidir. Bir sıra təşkilatlarda islamofobiya, azərbaycanofobiya hökm sürür.
Görüşdə spiker Sahibə Qafarova, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini tənqid edib. O, AŞPA tərəfindən atılan bu addımın ikili standartların daha bir nümunəsi olduğunu söyləyib.
Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnix ölkəmizə səfərlərinin məqsədi, səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bu görüşlərin parlamentlər arasında əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırıb.
Andreas Minnix Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. (APA)