23.12.2024, 15:14
AZ EN
28.07.2022, 16:45 396

Sahil Kərimli: “Qəhrəman Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək xalq və dövlət qarşısında cinayətdir”

XƏBƏRLƏR
  • Azərbaycan Ordusu ilə bağlı yalan informasiyaların yayılıması, ordumuzun nüfuzuna xələl gətirən xəbərlərin tirajlanması, həmçinin, dövlət sirri hesab edilən məlumatların paylaşılması yolverilməzdir. Bu kimi hallar Azərbaycanın dövlətçilik və milli maraqlarına ciddi zərbədir və təəssüf doğurur.

Bunu Trend BİA-nın Baş direktor müavini, əməkdar jurnalist Sahil Kərimli bildirib.

O deyib ki, Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində şanlı qələbələri ilə əbədi tarix yazıb. Qalib ordunun nüfuzunu zədələmək, möhtəşəm Zəfərimizə kölgə salmaq cəhdləri qətiyyətlə pislənilməlidir: “Azərbaycan Ordusunun qəhrəmanlıqları, yüksək döyüş qabiliyyəti, vətənpərvərliyi, peşəkarlığı bütün dünyaya səs salıb. Xüsusilə də, ordumuzun İkinci Qarabağ müharibəsindəki misilsiz şücaətləri dünyanın əksər hərbi dairələri tərəfindən maraqla izlənilir və öyrənilir. Düşmənin 30 ilə yaxın dövr ərzində möhkəmləndiyi, istehkamlar qurduğu çətin şərait və relyefə malik olan tarixi torpaqlarımızın cəmi 44 günə azad edilməsi həqiqətən də bənzərsiz Qələbə idi. Bu böyük Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qazandı. Belə qəhrəman ordunun nüfuzuna xələl gətirmək xalq və dövlət qarşısında cinayətdir. Bu, həm də mənəvi məsələdir və hər bir vicdanlı vətəndaşımız ordumuzun təəssübünü çəkməldir".

S.Kərimli daha sonra qeyd edib ki, bəzi media nümayəndələri, bloqerlər və sosial media istifadəçiləri məsuliyyətsizlik edir, bilərəkdən və ya bilməyərəkdən düşmənə sərf edən hərəkətlərə yol verirlər: “Ordumuz dövlətimizin mühüm atributlarından biridir. Media qurumları və jurnalistlərimiz də bu reallığı düzgün anlamalı, son dərəcə məsuliyyətli olmalıdır. Amma təəssüf ki, bəziləri jurnalsit adından qalxan kimi istifadə edərək qanunazidd fəaliyyətlə məşğul olur, ölkəmizin nüfuzuna xələl gətirir. Belələrinə qarşı ictimai qınaq olmalıdır, cəmiyyətimiz bu ünsürlərə qarşı sərt təpki nümayiş etdirməldir".

Əməkdar jurnalist xüsusilə vurğulayıb ki, dövlətimizin maraqlarına zidd olan informasiyaların yayılması və bu kimi qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları dəfələrlə lazımi media qurumlarına və nümayəndələrinə xəbərdarlıq edib. Lakin görünən odur ki, bu şifahi tənbehlər nəticə verməyib.

“Cəzasızlıq şəraiti yeni qanun pozuntularına, daha böyük cinayət əməllərinə şərait yaradır. Əgər hansısa jurnaslistə dəfələrlə xəbərdarlıq edilir və həmin şəxs heç bir nəticə çıxarmırsa, deməli, qanunun daha sərt üzü işə düşməldir. İslaholunmaz şəxslər hökmən cəzalarını almalıdırlar”, - S.Kərimli vurğulayıb. (Trend)

Oxşar xəbərlər