Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər.
Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar.
Sonra Martin Çunqonq Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbələri və yaşayış evi - “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qonağa məlumat verilib ki, erməni işğalçılarının “Qafqazın Xirosiması”na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. (APA)